"ASAN xidmət" mərkəzi çərçivəsində bütün xidmətlər elektron qaydada həyata keçiriləcək

24 İyun 2013 11:36 (UTC+04:00)

Yaxın gələcəkdə "ASAN xidmət" mərkəzi çərçivəsində bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur.


Mövqe.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Facebook" səhifəsində vətəndaşların suallarını cavablandırarkən bildirib.

Suallara cavab olaraq agentliyin rəhbərliyi bildirib ki, elektron xidmətlərə keçidin sürətləndirilməsi Dövlət Agentliyinin fəaliyyət istiqamətlərindən biridir.

Hazırda isə "ASAN xidmət" mərkəzlərində elektron qaydada növbə tutmaq, onlayn müraciət etmək, təklif və iradları ifadə etmək mümkündür.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli fərmanına əsasən yaradılıb.


Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların davamı olaraq yaradılan "ASAN Xidmət" Mərkəzləri ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir və idarəetmədə yeni yanaşma və metodlar tətbiq edir. ASAN Xidmət Mərkəzləri öz fəaliyyətini operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurmaqla, mümkün korrupsiya və burokratik əngəllərin qarşısını alır.