Məşhur amerikalı kəndirbaz Nik Uallenda, Arizona əyalətinin şimal-şərqindəki Böyük Kanyonu ip üzərindən gedərək keçib. Movqe.Az-ın məlumatına görə, Uallenda, Kiçik Kolorado çayının 457,2 metr yuxarısına çəkilən 5,8 santimetr qalınlığındakı polad kabelin üzərindəki gedişini 22 dəqiqədə tamamlayıb. Təhlükəsizlik kəməri istifadə etməyən Uallenda, saatda 48 kilometr sürətlə əsən külək səbəbiylə tarazlığını qorumaq üçün iki dəfə dayanıb və gediş boyunca dua edib. Sona yaxınlaşdığı zaman sürətlənən və son bir neçə addımı atlayaraq keçən Uallendanın gedişi, üzərindəki mikrofon və iki kamera vasitəsilə sənədli kanal "Discovery Channel"də canlı nümayiş olunub. Uşaqlığından bu yana Böyük Kanyonu ip üzərində gedərək keçməyi xəyal edən Uallenda, gedişin ardından təxmin ediləndən daha çox külək olduğu üçün tarazlığını tapmaqda çətinlik çəkdiyini və bir ara gözünə qaçan tozun vəziyyəti daha da pisləşdirdiyini söyləyib. Nümayişi təxminən 600 adam izləyib. Maral dərisindən xüsusi bir ayaqqabı geyinən Uallenda, bir sonrakı hədəfinin Nyu Yorkda "Empire State" və "Chrysler" binaları arasında bağlanılacaq bir ipin üzərində getmək olduğunu söyləyib. İllərdir sirk nümayişləri təşkil edən məşhur "Uçan Uallendalar" ailəsindən gələn 34 yaşındakı Uallenda, keçən il də Niaqara Şəlaləsi üzərinə çəkilən 550 metrlik ip üzərindən gedərək 7-ci dəfə "Guinness" rekordlar kitabına girməyə haqq qazanıb. Babası Karl Uallenda, 1978-ci ildə Porto Rikodakı bir nümayiş əsnasında düşərək 73 yaşında dünyasını dəyişib.