İcbari sığorta üzrə komisyon haqları azaldılacaq

1 Fevral 2020 11:44 (UTC+04:00)

İlkin İbrahimov: “Sığorta agenti əldə etdiyi komisyona uyğun olaraq müştərinin xeyrinə güzəştlər edə bilir”

Sığorta şirkətlərinin icbari sığorta müqaviləsi üzrə agentlərə ödədikləri komisyon faizlərində enmə gözlənilir. Hazırda yüksək komisyon ödənişləri nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında və daşınmaz əmlak üzrə icbari sığortada müşahidə edilir. Bu hal sığorta şirkətlərində müəyyən narazalıq yaradıb. Bunu nəzərə alaraq “Azərbaycan Sığortaçılar Assosiasiyası”nın (ASA) sədri Azər Əliyevin rəhbərliyi ilə Monitorinq işçi qrupunun bu mövzuya həsr edilmiş növbəti iclası keçirilib.

Assosiasiyadan verilən məlumata görə, ASA-nın üzvü olan qeyri-həyat siğorta şirkətlərinin satiş və sığorta xidməti üzrə departament rəhbərlərinin iştirakı ilə keçirilən iclasda komisyon muzdlarının mövcud yüksək faizlərinin sığorta bazarına vurduğu ziyan, eləcə də komisyon faizlərinin qanunsuz artımına son qoyulması istiqamətində tədbirlərin həyata keçirilməsi, komisyon muzdlarının 15%-dən yüksək olmamasına dair Mərkəzi Bankın tapşırığı da müzakirə edilib.

Əsas nəzarət orqanının tələb və tapşırıqlarından irəli çıxan vəzifə və öhdəliklər iclas iştirakçılarının nəzərinə çatdırılıb. Nəticə olaraq qısa zaman ərzində komisyon faizlərinin 15%-ə qədər azaldılması üçün zəruri tədbirlərin həyata keçirilməsi qərara alınıb.

Qeyd edək ki, ASA ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-hökumət təşkilatıdır. Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən 21 sığorta şirkəti və 1 təkrarsığorta şirkəti “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin üzvüdür.

Assosasiyanın bu tövsiyəsini şərh edən sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov deyir ki, komisyon haqları üçün tavanın müəyyənləşdirilməsi yaxşıdır. O bildirdi ki, komisyon haqqının müəyyənləşdirilməsində verilən sərbəstlik sığorta bazarında haqsız rəqabətə səbəb olur: “Sığorta sahəsində komisyon haqqını kredit müqavilələrində olduğu kimi sığorta haqqı ödəyən, yəni müştəri vermir. Komisyon haqqı sığorta şirkətlərinin sığorta agentlərinə verdiyi dividentdir. Şirkətlər sığorta məhsulunun satışından sığorta agentlərinə müəyyən olunan məbləğdə ödəmə edir ki, buna da komision haqqı deyilir. Məsələn, Bakıda daşınmaz əmlakın icbari sığortası 50 manatdır. Bu qiyməti dövlət müəyyən edib. Sığorta şirkəti bu məhsulunu satdığına görə sığorta agentinə 15-20 faiz haqq verir. Şirkətlərin belə bir komisyon ödəməkdə məqsədi sığorta agentlərinin daha çox məhsul satmağa təşviq etməkdir, yəni daha çox müqavilə bağlamalarına həvəsləndirməkdir. Satılan məhsulla bərabər sığorta agentlərinə məhsulun satılması məqsədilə hazırlanan reklamlara görə də komisyon ödənilir. Ümumilikdə, agentlərə şirkətlər tərəfindən verilən komisyion sığorta haqqının 30 faizi qədərində ola bilir”.

Ekspert bildirdi ki, sığorta agenti əldə etdiyi komisyona uyğun olaraq müştərinin xeyrinə güzəştlər edə bilir: “Bu güzəştlər daha çox müştəri cəlb etməyə imkan yaradır. Məsələn, qanunla nəzərdə tutulan 50 manatlıq sığorta şəhadətnaməsini rəsmi qaydada ödədikdən sonra agent onun 30 faizi qədərində, yəni 15 manatın bir hissəsini müştərisinə verir. Bunu etməklə agentlər daha çox müştəri cəlb edə bilir.

Bununla bağlı müəyyən narazılıqlar yarandı. Hansısa sığorta şirkəti sığorta agentlərinə daha çox komisyon haqqı verir. Daha çox komisyon haqq verdikdə isə sığorta agentləri həmin şirkətlə işləmək istəyirlər və onların məhsullarını satırlar. Digər sığorta şirkətləri bunu edə bilmədiyinə görə bazar payını itirirlər. Bu haqsız rəqabəti aradan qaldırmaq üçün Mərkəzi Bank göstəriş verib ki, komisyon haqları endirilsin”.

İ.İbrahimovun fikrincə, Mərkəzi Bankın Assosasiyaya göstərişi yersizdir. Onun sözlərinə görə belə bir dəyişikliyi Mərkəzi Bankın özü etməlidir: “Assosasiya sığorta şirkətlərinin birliyidir. Bu təşkilat şirkətlərə nəyicə məcbur edə bilməz. Bu məsələni Mərkəzi Bank həll etməlidir. O, sığorta şirkətlərini dəvət edib, bununla bağlı nəzarət mexanizmini görməlidir və özü bu məsələlər nəzarət etməlidir. Əməl etməyənlərə qarşı Mərkəzi Bank müəyyən sanksiyalar tətbiq edə bilər. Assosasiya bu kimi təsir imkanları olmadığına görə o tövsiyə verir”.

İ.İbrahimov dedi ki, komisyon haqqını azaltmaqla icbari sığorta bazarını inkişaf etdirmək mümkün deyil. O hesab edir ki, bazarın inkişafı üçün sığorta ödənişlərinə nəzarət gücləndirilməlidir: “Hüquqi və fiziki şəxslərin icbari qaydada ödəməli olduğu vəsaitin ödənişi təmin edilməlidir. Komisyon haqqının azaldılması sığorta olunan şəxslərin xərcini artıracaq. Onlar əvvəlki kimi agentlər tərəfindən böyük güzəşt əldə edə bilməyəcək”.

 

Vasif CƏFƏROV