Naxçıvan Qarnizonunun gənc əsgərləri Vətənə sədaqət andı içiblər

2 Fevral 2020 11:07 (UTC+04:00)

Naxçıvan Qarnizonu qoşunlarında yanvar ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimləri olub.

Müdafiə Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra gənc əsgərlər Vətənə sədaqət andı içiblər.

Tədbirdə polkovnik Mehman Gülməmmədov, əsgər Cavid Kərimov və əsgər valideyni Zülfüqar Zeynalov gənc əsgərləri hərbi andı qəbul etmələri münasibətilə təbrik edərək, xidmətlərində uğurlar arzulayıblar.

Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu komandanının müavini general-mayor Teymur Eyyubov Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdırıb. Bildirilib ki, Azərbaycan dövləti inkişaf edib qüdrətləndikcə ordumuz da güclənir. Bu gün ordumuzun yüksək əhval-ruhiyyəli əsgərlərinin, güclü maddi-texniki bazasının olması düşmənə gözdağıdır. İnanırıq ki, bu gün Vətənə sədaqət andı içən gənclərimiz də hərbi anda sadiq, intizamlı əsgərlər olacaq, silah və texnikanın sirlərini dərindən öyrənərək yenilməz döyüşçü keyfiyyətlərinə yiyələnəcəklər.

Şəxsi heyətin təntənəli keçidindən sonra əsgər valideynləri və yaxınları hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olublar. Valideynlər yaradılan şəraitə görə dövlətimizə minnətdarlıqlarını bildirib və övladlarının hərbi andı qəbul etmələrindən qürur hissi keçirdiklərini ifadə ediblər.