Avropa Şurası Paşinyan üçün yeni cəbhə açdı

4 Fevral 2020 08:20 (UTC+04:00)

İşğalçı ölkə Ermənistanın ictimai-siyasi həyatı yeni qalmaqallarla zənginləşir. Hakimiyyətə gələr-gəlməz məxməri inqilabın “qalibi” Nikol Paşinyan işləmək əvəzinə ara qarışdırmaqla məşğul olmağa başlayıb. İndi ermənilər özlərini söyürlər ki, “nə qələt edib bu adamın çağırışları ilə mitinqlər keçirib və buna görə əzab-əziyyətə düçar olublar”. “Axı, o söz vermidi ki, hər şey düzələcək, bəs, hanı?”,-deyə, vətəndaşlar özlərinə sual edirlər. Çünki, ölkənin iqtisadi vəziyyəti əvvəlki dövrdən heç nə ilə fərqlənmir, əksinə, bir az da ağırlaşıb. Ən çox düşündürən fakt “inqilab ölkəyə nə verdi” dilemması ətrafındadır.

Baş nazir Nikol Paşinyan ölkənin əvvəlki bərbad siyasətini düzəltmək əvəzinə öz kefi və yerinin möhkəmlənməsi üçün çalışır. Faktlar göstərir ki, o, heç bu istiqamətdə də normal siyasət yürüdə bilmir. Hazırda Ermənistanın gündəmini baş nazirin ikinci eks-prezident Robert Köçəryan və konstitusiya məhkəməsinin sədri Qrayr Tovmasyanla dava-dalaşı zəbt edib. Erməni siyasi analitik Arsrun Pepanyan ölkənin hazırkı durumu haqda deyib ki, bu gün Ermənistanda qladiator döyüşləri gedir, səhnədə Paşinyan və Tovmasyandır: “Biz bu əkslikləri bir kənara qoyub bəyan etməliyik ki, ay ermənilər, bizim qarşımızda yaşamaq uğrunda mübarizə durur”. O bildirib ki, Paşinyan konstitusiya məhkəməsinin tərkibini elə adamlardan tərtib etmək istəyir ki, dövlətin yox, yalnız onun maraqlarına uyğun hərəkət etsin. Siyasi analitik qeyd edib ki, KM qarşı mübarizənin başlıca səbəbi konvensiyanin ratifikasiya edilməməsi qorxusudur. “Bu isə artıq prinsipial mübarizədir”-deyə, Papinyan bildirib O əlavə edib ki, KM-ə və onun sədrinə qarşı başlanmış mübarizənin bir səbəbi də Qarabağ münaqişəsinin nizamlanması problemidir. Çünki, ermənilər elə bilirlər ki, ölkə azərbaycanlı casuslarla doludur və bütün naqisliklərdə onların əli var. 

Yeri gəlmişkən, siyasi analitikin bu fikri erməni xislətinin əsas cizgilərini ortaya qoyur. Özlərini dünyasnın “ən ağıllı” milləti sayan bu adamlar özlərinə məxsus mənfi nə varsa, hamısını başqalarının adına çıxırlar və bu səbəbdən özlərinin paxırlarını görə bilmirlər. Məsələn, bu günlərdə iki güllə vurulub öldürülən erməni hərbi qulluqçunun erməni deputatın oğlu tərəfindən icra olunduğu məlum olub. Amma düşüncə darlığından ermənilər həmişə belə nöqsanların kökünü kənarda axtarırlar. Öldürülən hərbçinin qohumları ilə erməni polisi arasında əməlli-başlı dava olub. Çünki, cinayətkarın həbsdən yayınacağı ehtimalı böyükdür. Ermənistanda bu cür hallar indi tamamilə adiləşib.

Ölkədə təbəddülatların baş alıb getdiyi vaxtda Avropa Şurası da Tovmasyan məsələsinə görə Paşinyana qarşı növbəti cəbhə açmaqla ona qulaqburması vermək istəyib. AŞ PA-nın monitorinq komitəsinin məruzəsində Ermənistanın “xoşuna gəlməyən” müddəalar yer alıb. Politoloq Akop Badalyan istehza ilə yazır ki, nədir, Ermənistan hakimiyyəti Avropa ilə “müharibəyə” gedəcək? AŞPA monitorinq komitəsinin Ermənistan üzrə həmməruzəçiləri –Şursel və Kilyonnen baş nazirlə KM sədri arasında axırı bilinməyən qarşıdurmadan ciddi şəkildə qayğılandıqlarını qeyd ediblər. Onlar xatırladıblar ki, demokratik sistemin vacib elementi kimi hakimiyyət dairələri tərəfindən məhkəmə sisteminə təzyiq kimi dəyərləndirilən bəyanatlardan qaçmaq gərəkdir. Məhkəmə sisteminin islahatı isə vacibdir. Həmməruzəçilərin bu qiymətləndirmələri siyasilər tərəfindən AŞPA-nın Ermənistan hakimiyyətinə xəbərdarlığı sayılır və bildirilir ki, tərəflər artıq limitin kənarında dayanıblar.  

Başqa bir məsələ də var ki, həmməruzəçilər Qarayr Tovmasyanla yanaşı Robert Köçəryanı da müdafiə edirlər. Bu, Ermənistanda daxili problemlərə cavabdır, xarici aləmdə isə məsələ açıq olaraq qalır. Posinqilabı dövrün ikilliyi ərəfəsində verilən bu qiymət Paşinyanın inqilabi hökumçəıtinə güclü zərbədir. İndi AŞ PA deyir ki, Qrayr Tovmasyanın vəzifədən uzaqlaşdırılması yolverilməzdir. Paşinyan isə “iki ayağını bir başmağa ditəyib” ki, yox, getməlidir. İndi erməni cəmiyyəti bu sual qarşısında ləngər vurur: Avropa ilə münaqişə Ermənistana lazımdırmı?

Bu cəbhədə Paşinyanın başının möhkəm ağrıyacağı siyasi dairələrə çoxdan məlumdur. Çünki, o, ölkənin qarşısında duran əsas məsələlər əvəzinə dolayısı problemlərin həllinə girişib. Köçəryanı özünə bir nömrəli düşmən saysa da, elə hərəkət edir ki, ikinci eks-prezidentin müdafiəçiləri çoxalır. Bu isə hökumətin gücünü azaldır və Nikol Paşinyanın devrilməsinə dair fikirlər ortaya atılır. Paşinyan bu cəbhənin qarşısından çəkilməsə, çətin ki, hakimiyyətdə qala bilsin.

N.NOVRUZ