Özəl universitetlər akkreditasiyadan keçiriləcək

24 İyun 2013 18:59 (UTC+04:00)

"Təhsil Nazirliyi tərəfindən özəl və dövlət ali təhsil müəssisələrinə nəzarət mexanizmi eynidir". Təhsil Nazirliyindən Movqe.az-a verilən xəbərə görə, ali təhsil müəssisələrində tədrisin keyfiyyətinə əsas nəzarət mexanizmi isə akkreditasiyadır. Növbəti tədris ilində də dövlət ali təhsil müəssisələri ilə yanaşı, bir neçə özəl ali təhsil müəssisəsinin akkreditasiyasının keçirilməsi nəzərdə tutulub. Özəl ali təhsil müəssisələrinin inkişafı üçün Təhsil Nazirliyi onların beynəlxalq əlaqələrinin genişləndirilməsinə şərait yaradır, müvafiq tövsiyələr verir. Ümumilikdə, Təhsil Nazirliyi belə hesab edir ki, özəl ali təhsil müəssisələrində tədrisin keyfiyyəti müvafiq ixtisaslar üzrə dövlət ali təhsil müəssisələrindən aşağı olmamalıdır. Əks təqdirdə belə təhsil müəssisələrinin fəaliyyətinə ehtiyac yoxdur. Artıq bir çox özəl ali təhsil müəssisələrində bəzi ixtisaslar üzrə təhsilin keyfiyyəti dövlət ali təhsil müəssisələrindən yüksəkdir. Özəl ali təhsil müəssisələrindən bir neçəsi dövlət sifarişi ilə tələbə qəbulunda iştirak edir, hətta bəzi ixtisaslar üzrə özəl ali təhsil müəssisələrinə dövlət sifarişi ilə qəbul olunanların sayı dövlət təhsil müəssisələrinə qəbul olunanlardan çoxdur.  Gələcəkdə hər hansı ali təhsil müəssisəsində müasir tələblərə cavab verən maddə-texniki baza, kadr potensialı, tədris-metodiki təminat və s. yaradılarsa, ən əsası məzunların işlə təmin olunması yüksək səviyyədə olarsa, həmin ali məktəbin əsaslandırılmış təklifi əsasında müəyyən ixtisaslar üzrə qəbul planının artırılması məsələsinə baxıla bilər.