Dünya miqyasında getdikcə daha çox aktuallıq qazanmağa başlayan məsələlərdən biri də ərzaq istehsalını əhalinin artım tempilə müqayisədə daha aşağı həddə olmasıdır. Ərzaq istehsalının artım tempinin aşağı düşməsinin isə kifayət qədər maraqlı səbəbləri mövcuddur və bu sırada ötən ildən etibarən daha kəskin şəkildə yer alan məqamlardan biri də qlobal iqlim dəyişikliy fonunda quraqlığın və səhralaşma prosesinin artmasıdır.
Əslində, məsələ Azərbaycan üçün də aktualdır. Elə bu səbədəndir ki, ölkəmizdə səhralaşma prosesinin qarşısının alınması üçün müvafiq dövlət proqramı işlənib hazırlanır.
Ümumiyyətlə isə, araşdırmalar göstərir ki, azərbaycanda 3,7 milyon hektardan yuxarı ərazi erroziya təhlükəsi ilə üz-üzədir. 1,2 milyon hektar ərazidə isə şoranlaşma prosesi gedir. Belə ərazilər isə kənd təsərrüfaıt məqsədilə istifadə oluna bilmir. Araşdırmalar göstərir ki, faydalı qazıntıların hasilatı nəticəsində 30 min hektardan artıq ərazi belə demək mümkünsə, "sıradan çıxıb". Bu fonda isə 14 min hektradan çox ərazi neftlə çirklənib. Bütün bu qeyd olunan hallar nəticə etibarı ilə torpağın deqradasiyasına yol açır. Bunların qarşısını almaq üçün müvafiq proqram hazırlanır. Lakin indilikdə göstərilən ərazilərdən ya ümumiyyətlə, hansısa formada məhsul götürmək olmur, ya da bu xüsusda göstəricilər həddən artıq aşağıdır. Azərbaycanda yararlı torpaq sahələrinin azalmasına təsir edən amillərdən biri də mal-qaranın artımıdır. Ölkəmizdə mal-qaranın çoxluğu qış-yay otlaqlarının səhralaşmasında mühüm rol oynayır. Hesablamalara görə, ölkədə təxminən 50 milyon heyvan var və 3 dəfə artıq otarma gedir. Belə bir fikir var ki, yaylaq və qışlaqlar öz keyfiyyətini 70 faiz itirib. Bunu yoxlamaq üçün inventarlaşma aparılması vacib sayılır. Son dəfə isə belə invertarlaşma 60 il əvvəl aparılıb. Hazırda isə indi meşə fondu ərazilərinə mal-qara buraxılmır. Buna görə də problemlə bağlı yaxşılığa doğru nisbətən dönüş əmələ gəlib. Bununla belə demək olmaz ki, ölkədə səhralaşma problemi tamam həll olunur.
Respublikanın torpaq sahələrinin səhralaşma prosesinin digər əsas faktoru kimi torpaqların duzlaşması çıxış edir. Ümumiyyətlə, Azərbaycanda torpaqların 40 faizi şoranlaşmaya məruz qalıb. Şoranlaşma Kür-Araz ovalığında daha çox müşahidə olunur. Burada 2,3 milyon hektar torpaq sahəsinin təxminən 30 faizi müxtəlif dərəcədə şoranlaşıb.Şoranlaşma prosesi Azərbaycan üçün böyük çətinliklər yaradır və eyni problemlə üzləşən digər ölkələrdə olduğu kimi, kənd təsərrüfatının inkişafına mane olur. Ən çox şoranlaşan torpaqlar qeyd olunduuğ kimi Kür-Araz ovalığında müşahidə olunub, həmçinin Kür çayının vadisində, Mil-Muğan düzənliyində, o cümlədən Qarabağ düzənliyində, Bərdə ərazisində də şoranlaşmış torpaqlar çoxdur.
Problemin ciddili müvafiq rəsmi qurumları da narahat edir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan ölkənin ekoloji durumunun yaxşılaşdırılmasını, təbii ehtiyatlardan səmərəli və ziyansız istifadə olunmasını, o cümlədən milli maraqları nəzərə alaraq "Səhralaşmaya qarşı mübarizə" beynəlxalq konvensiyasına qoşulub. Ölkəmizdə səhralaşmanın qarşısının alınması məqsədilə müvafiq dövlət proqramları işlənib hazırlanıb. "Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı", "Meşələrin artırılması və bərpa olunmasına dair" və "Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair" Milli proqramları təsdiq olunub.
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda nəzərdə tutulur ki, 209,1 min hektarda kollektor-dren şəbəkəsində tikinti və yenidən qurulmasına, 83 min hektar təkrar şorlaşmış sahələrin duzlardan əsaslı yuyulmasına, 62,8 min ha sahənin əsaslı hamarlanmasına, 94,3 min ha sahənin su təminatının artırılmasına ehtiyac var. 1 milyon 265 min 386 hektar suvarılan ərazilərdə (89,0%) isə meliorativ işlərin icrası tələb olunur. Bütün bu işlərin isə intensiv şəkildə həyata keçirilməsinə ciddi ehtiyac var. Əks halda yararsız torpaqlar məhsul istehsalının həcminə də təsirsiz ötüşməyəcək.