Gənclər Günü münasibəti ilə ATU tələbələri mükafatlandırıldı

4 Fevral 2020 17:33 (UTC+04:00)

Gəray Gəraybəyliyə “Tələbələrin dostu” fəxri adı verildi

“Rektor kimi çoxlu iclaslar, görüşlər keçirirəm, təqdimat və tədbirlərdə iştirak edirəm. Amma ən çox xoşladığım tədbirlər – tələbələrlə olan görüşlərimdir”. Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli Gənclər Günü ilə bağlı tələbələrlə bugünkü görüşünü bu sözlərlə başlayıb.

Professor G.Gəraybəyli qeyd edib ki, Azərbaycanda ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan məqamlardan biri də Gənclər Gününün təsis edilməsidir: “Ölkəmizdə gənclərə qarşı xüsusi münasibət, gənclər siyasətinin əsası məhz həmin dövrdə qoyulub. Ümummilli lider H.Əliyevin ətrafında daima istedadlı, siyasətdə düz yol seçməyi bacaran, intellektual biliyə və elmə olan həvəsi ilə seçilən gənclər olub. Ulu öndər hər ilin avqustunda qəbul imtahanlarından sonra gənclərlə görüşürdü, xarici ölkəyə oxumağa gedənlərə xeyir-dua verirdi. Məhz o gənclər sonradan müasir Azərbaycanın qurulması və müstəqillik yolunda böyük nailiyyətlərə səbəb oldular”.

G.Gəraybəyli qeyd edib ki, zaman keçdikcə faydasını gördüyümüz bu siyasətin digər rəmzi Gənclər Gününün təsis edilməsidir. Rektor tələbələrlə görüşündə hazırda Azərbaycanda gedən hərtərəfli inkişaf prosesi və bu prosesdə gənclərin rolundan danışıb. Qeyd edib ki, ATU-nun tələbələri də müxtəlif təşkilatlar çərçivəsində konstruktiv fəallıq nümayiş etdirirlər: “Bir neçə il əvvəl düşünə bilməzdik ki, tələbə-dekanlar olacaq, onlar Elmi Şuranın iclaslarında çıxış edib müzakirə olunan məsələlərə öz fikirlərini bildirəcək. Qarşıdan gələn parlament seçkilərində namizədlər arasında 6 ay əvvəl universitetimizə daxil olan gənclər də var. İnkişaf üçün hər cür şərait yaradılıb, heç bir qadağa yoxdur”. G.Gəraybəyli gəncləri bu imkanlardan yararlanmağa, çətinliklərə baxmayaraq aktiv olmağa çağırıb.

ATGTİ-nin sədri Faiq Məmmədov da hazırda Azərbaycanda Gənclər Təşkilatı hərəkatının güclü vüsət aldığını bildirib. Buna misal kimi ATU-da Tələbə Gənclər Təşkilatının fəaliyyətini göstərib: “Digər ölkələrdə tibb ixtisası üzrə oxuyan gənclər ictimai işlərdə bir o qədər də aktiv olmurlar. Amma ATU tələbələri sübut edir ki, yüksək tibb təhsili ilə yanaşı, ictimai həyatda da aktiv olmaq mümkündür. Təbii, burada universitet rəhbərliyinin dəstəyi və TGT-nin fəallığı xüsusi rol oynayır ”.

Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Kərimli də görüş iştirakçılarına uğurlar arzulayıb. Hər bir gəncin xalqa, dövlətə və millətə məhz yüksək səviyyəli təhsil alması, ictimai həyatda aktiv olması ilə xidmət edə biləcəyini xatırladıb.

ATU Tələbə Gənclər Təşkilatının sədri Rauf Vəliyev bu ilin Azərbaycanda Könüllülər ili kimi elan olunduğunu bildirərək ölkəmizdə bu sahədə gənclərin aktivliyi üçün hər cür şərait yaradıldığını qeyd edib. O, həmçinin ATU TGT-nin təşəbbüs və təkliflərinin universitet rəhbərliyi tərəfindən dəstəkləndiyinə görə təşəkkürünü bildirib. Qeyd edib ki, bu gün ictimai aktivliyi ilə seçilən tələbələr gələcəkdə də ATU-nun adını daim yüksək tutacaq.

Sonra ATU-da təhsil alan tələbələrin tədris keyfiyyətinin yaxşılaşdırılması və düzgün tələbə həyatının formalaşdırılması istiqamətində fəaliyyət göstərən tələbə təşkilatlarına göstərdiyi dəstəyə görə rektor Gəray Gəraybəyliyə “Tələbələrin dostu” fəxri adı təqdim olunub.

Gənclər Gününə həsr olunmuş tədbirdə həmçinin 50-yə yaxın tələbəyə nümayiş etdirdikləri aktivliyə görə sertifikartlar təqdim olunub.