Avropanın təhlükəsizliyində Azərbaycanın rolu artır

5 Fevral 2020 09:13 (UTC+04:00)

ABŞ-ın “The Heritage Foundation” düşüncə mərkəzinin “2020-ci ildə ABŞ-Gürcüstan münasibətləri üçün top 5 prioritet” adlı hesabatında Azərbaycanın Gürcüstan ərazisindən keçən infrastruktur layihələrinə də yer ayrılıb. Burada qeyd olunur ki, Gürcüstan əraziasindən keçən mühüm neft və qaz kəmərləri və dəmir yol xətləri Avropanın təhlükəsizliyi üçün əhəmiyyətlidir: “Bu kəmərlərə Bakı-Tiflis-Ceyhan,  bakı-Supsa neft kəmərləri, Cənub Qaz Dəhlizi və Bakı-Tiflis-Qars dəmir yolu xətti daxildir”.

İqtisadçı ekspert Natiq Cəfərli qeyd etdi ki, ABŞ başda olmaqla Qərb məhz öz təhlükəsizliyi baxımından Azərbaycanla enerji sahəsindəki əlaqələrə xüsusi önəm verir: “Əslində, ABŞ və Avropanın beyin mərkəzləri, iqtisadi, siyasi institutları Azərbaycanla əlaqələrə, xüsusən də enerji sahəsindəki münasibətlərə hər zaman ciddi önəm veriblər. Çünki onların əsas hədəflərdən biri enerji məsələsində, əsasən də təbii qaz məsələsində Rusiyadan asılılığı azaltmaqdır. Bu istiqamətdə də Qərb müəyyən işlər görür. Hazırda Rusiya Avropa Birliyi ölkələri üçün əsas qaz ixracatçısıdır. Avropa ölkələrinin qaza olan tələbatının təxminən üçdə birini məhz Rusiya verir. Bu da təxminən ilə 150-160 milyard kubmetr qaz deməkdir. Belədə, yaranmış vəziyyətin Avropanın enerji təhlükəsizliyi üçün təhdid olduğu bildirilir. Qaza tələbat daha da yüksələn anlarda bu enerji silahından Rusiya istifadə edərək böyük önəm daşımasını nəzərə alaraq öz şərtlərini diqtə edə bilər. O anlamda Cənub Qaz Dəhlizinin Qərb üçün təhlükəsizliyin təmin edilməsi baxımından kifayət qədər böyük önəmi və yeri vardır. Söhbət həmcdən getmir, hələlik Azərbaycan bu kəmərlə cəmi 10 milyard kubmetr qaz ixrac edəcək. Ancaq Azərbaycanın söz sahibi olduğu bu dəhlizin özünün əhəmiyyəti böyükdür. Çünki gələcəkdə bir çox ölkələrin də həmin dəhlizə qoşulması şans və imkanları var”. 

N. Cəfərli bildirdi ki, gələcəkdə Azərbaycanın Avropanın enerji təhlükəsiziyində rolu indiki ilə müqayisədə daha 3 dəfəyə qədər artacaq: “Çünki bir çox digər ölkələrin də sözügedən dəhlizə qoşulması nəticəsində onun vasitəsilə Avropaya daşınacaq qazı azı 3 dəfəyə qədər artırmaq mümkündür. Ona görə də həmin layihə Qərb dövlətlərinin ciddi marağına səbəb olub. Bu səbəbdən də layihəyə siyasi və maddi dəstək veriblər. Neft məsələsi də eynidir. Azərbaycan nefti İtaliyanın istehlak etdiyi neftin böyük hissəsini verir. Ona görə də uzun illərdir İtaliya ilə israil Azərbaycan neftinin əsas alıcılarıdır. Keyfiyyət göstəriciləri baxımından Azərbaycan nefti daha yaxşı olduğundan İtaliyanın neftayırma zavodları da artıq 15 ildən çoxdur həmin keyfiyyətə uyğun ayarlanıb. Bu da kifayət qədər ciddi məsələdir. Ona görə də Azərbaycanın enerji koridorlarının qorunması, onlara siyasi və maliyyə dəstəyinin verilməsi Qərb dövlətləri üçün prioritet istiqamətlərədn biridir. Bütün bunlar Qərb üçün Azərbaycanın geosiyasi önəmini artıran əsas amillərdən birinə çevrilib”.

Həmsöhbətimizin fikrincə, Azərbaycanın Avropanın təhlükəsizliyində alternativ marşurut olaraq önəmi daha çoxdur: “Həcm olaraq hələlik Avropanın istehlak etdiyi qazın cüzi hissəsini veririk. Ancaq koridor olaraq gələcəkdə Orta Asiya, Qazaxıstan və Türkmənistan neft-qazının həmin koridora qoşulması gözlənilir. Gələcəkdə həmçinin, vəziyyət düzələrsə, İran qazı, habelə İraq enerji ehtiyatlarının həmin kəmərə qoşulması fonunda sözügedən marşurutun Avropanın təhlükəsizliyində rolu və əhəmiyyəti daha da artacaq.   Bu mənada perspektiv olaraq Azərbaycanın liderliyilə tikilən infrastruktur layihələri Avropa, əsasən də onun şərqi, cənubu üçün böyük əhəmiyyətə malikdir”.

Rüfət NADİROĞLU