Ukraynaya Türkiyə üzərindən Azərbaycan qazı almaq təklif olunur

6 Fevral 2020 08:47 (UTC+04:00)

 

Ukraynada rəsmi səfərdə olarkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan ukraynalı həmkarı Volodimir Zelenskiyə təklif edib ki, Kiyev Türkiyə üzərindən Azərbaycan qazını alsın. Qeyd edək ki, Kiyevlə Ankara arasında aparılan danışıqlarda həmçinin Xəzərin Azərbaycana aid yataqlarından təbii qazın tədarükünə dair danışıqlar da yer alıb. Ukrayna Prezidenti də açıqlamasında bu məlumatı təsdiqləyib: "Bizim üçün enerji daşıyıcılarının nəql yollarının şaxələndirilməsi mühüm məsələdir. Belə ki, Xəzər qazının TANAP boru kəməri ilə müvafiq bağlantılar vasitəsilə Ukraynaya nəql olunması barədə müzakirə apardıq”.

Qeyd edək ki, Ukrayna özünün qaza olan tələbatını demək olar ki, Rusiya qazı vasitəsilə təmin edir. Ancaq Krımın ilhaqı nəticəsində Kiyevlə Moskva arasında münasibətlərin gərgin olaraq qalması fonunda Rusiya qaz məsələsilə bağlı Ukraynanı daim təhdid edir. Bu fonda kiyevin alternativ marşurutlar axtarması gözləniləndir. Bu mənada da görünür, Azərbaycan qazının alınması Ukrayna üçün daha məqbuldur.

Məsələyə münasibət bildirən Neft Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şabanın fikrincə, Azərbaycan təbii qazının Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə müvafiq bağlantılarla Ukraynaya nəql edilməsi mümkündür: “Bunun üçün arzu və istək, həmçinin alıcı tərəfin həmin qazın pulunu ödəmək istəyi olmalıdır. 2021-ci ildə Azərbaycan qazı Bolqarıstana nəql ediləcək. Çünki Yunanıstan-Bolqarıstan İnterkonnektorunu  (IGB) həyata keçirən ICGB AD şirkətinin rəhbərliyi də bildirib ki, 2020-ci ildə bu qaz kəmərinin inşası yekunlaşacaq və sınaqdan keçiriləcək. 2021-ci ilin ikinci rübündə isə bu kəmərlə Azərbaycan qazının alınmasına başlanılacaq”.

Ekspert bildirib ki, Bolqarıstan vasitəsilə Azərbaycan qazını Ukraynaya nəql etmək mümkündür: "Digər tərəfdən Trans-Balkan qaz kəmərinin fəaliyyəti bütövlüklə dayanandan və "Türk axını” qaz kəməri işə salınandan sonra bu kəməri revers işlətməklə Bolqarıstandan Azərbaycan qazını Ukraynaya nəql etmək problem deyil. Azərbaycan təbii qazının TANAP vasitəsilə Ukraynaya nəql edilməsi üçün alqı-satqı müqaviləsi imzalanmalıdır. Bunun üçün Ukrayna təbii qazın sahibi ilə müqavilə imzalamalıdır. Bu qazın sahibi isə "Ümid-Babək”, "Abşeron”, "Şəfəq-Asiman”, Azərbaycan Dövlət Neft Şirkətinin özü və Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən digər yataqların operatorları ola bilər. Daha sonra təbii qazı nəql edəcək şirkətlərlə də müqavilə imzalanmalıdır. Azərbaycan-Gürcüstan ərazisində bu "Cənubi Qafqaz Boru Kəməri", Türkiyə ərazisində TANAP konsorsiumudur. Daha sonra Avropa hissəsində TAP konsorsiumu, ICGB şirkətidir. Bu gün Ukraynaya Azərbaycan qazını nəql edilməsi üçün bütün infrastruktur mövcuddur və bu nəqletmə mümkündür. Ancaq burada bir nüans var ki, məsafə artdıqca təbii qazın nəqletmə xərcləri artdığından onun qiyməti də bahalaşacaq”. 

İqtisadçı ekspert Fuad İbrahimov isə Azərbaycan qazının indiki şəraitdə Ukraynaya nəqli məsələsində o qədər də optimist deyil: “Türkiyə Prezidentinin Azərbaycan qazının alınması ilə bağlı Kiyevə etdiyi təklif daha çox siyasi müstəvidə gündəmə gələn məsələdir. Ukraynanın Azərbaycan qazını alması üçün bütün infrastruktur var. Ona görə bu addımın atılması mümkündür. Amma bunun üçün iqtisadi amillərdən əlavə siyasi müstəvidəki problemlərin həlli də vacibdir. Ukrayna ilə Rusiya arasında olan mövcud vəziyyətdə Azərbaycan qazının Kiyevə nəqli iqtisadi cəhətdən daha çox siyasi xarakter daşıyır. Belə ki, belə bir addımın atılması Moskvanı qıcıqlandıra bilər. Çünki, Rusiya belə məsələlərə çox həssas yanaşır. Ukraynaya qaz nəqli məsələsində ödəyicilik əmsalı da xüsusi rol oynayır. Azərbaycana gəldikdə, ölkəmizin artıq asan şəkildə Avropa bazarlarına çıxışı var. Bu nöqteyi-nəzərdən Azərbaycan üçün daha çox Avropa bazarı cəlbedicidir, nəinjki Belarus və Ukrayna. Hər halda bu məsələyə də baxıla bilər”.

Rüfət NADİROĞLU