Qazaxıstanlı nazir: Azərbaycanla ticarət və iqtisadi əlaqələri daha da inkişaf etdirmək niyyətindəyik

6 Fevral 2020 13:34 (UTC+04:00)

Hazırda Azərbaycanla Qazaxıstan arasında münasibətlər yüksək səviyyəli və qarşılıqlı faydalı əməkdaşlıq ilə xarakterizə olunur.

Mövqe.az-ın məlumatına görə, bunu bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasından sonra jurnalistlərə açıqlamasında Qazaxıstan Xarici İşlər naziri Muxtar Tleuberdi bildirib.

M.Tleuberdi vurğulayıb ki, zamanında Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev və Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev tərəfindən əsası qoyulmuş əməkdaşlıq xətti bu gün davam eidirilir:

“Bu əməkdaşlıq iki ölkənin dövlət və hökumət başçıları arasında yüksək səviyyəli siyasi dialoqa əsaslanır. Eyni zamanda iki ölkənin parlamentləri arasıneda əməkdaşlıq yüksək səviyyədə qurulub”.

Nazir vurğulayıb ki, iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi qarşımızda dayanan əsas məsələlərdən biridir: “İki ölkə arasında ticarət əlaqələri, eyni zamanda qarşılıqlı investisiyaların həcmi artır. Biz eyni zamanda tranzit potensialımızdan çox gözəl istifadə edirik. Çünki Qazaxıstan və Azərbaycan Avropa ilə Asiya, Avropa və Şərq arasında birləşdirici bir körpü rolunu oynayır”.