21,4 min metr saxta elektrik kabel və naqillərinin satışının qarşısı alınıb

25 İyun 2013 16:05 (UTC+04:00)

Mövqe.az-ın məlumatına görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mehdiabad yolu ünvanında yerləşən fiziki şəxs Əhmədli Nazir Surxay oğluna məxsus sexdə aparılan yoxlama zamanı saxta elektrik kabel və naqillər istehsal edildiyi müəyyən olunub. Belə ki, sexdə istehsal olunan elektrik kabel və naqillərin müvafiq uyğunluq sertifikatı olmadan istehsal edildiyi, eləcə də kabel və naqillərin istehlakçılara Türkiyə istehsalı olan "Doğan kablo", "Han kablo", "Has kablo", "Akman leading cable brand" və "Metsan" adları altında təqdim edildiyi aşkarlanıb.


Bundan başqa aparılmış yoxlama zamanı istehlakçıların ölçüdə aldadılması hallarına yol verildiyi də müəyyən edilib. Belə ki, elektrik kabel və naqillərin etiketlərində uzunluğu 100 metr göstərildiyi halda, faktiki olaraq 90 metr olduğu aşkar edilib.


Yoxlama zamanı aşkar edilmiş saxta 21,4 min metr elektrik kabel və naqilləri istifadəyə yararsız hala salınmaqla təkrar emala göndərilib.


Aşkar edilmiş qanun pozuntusu ilə əlaqədar fiziki şəxs Nazir Əhmədli barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.