Seçki mədəniyyətində yüksəliş var

7 Fevral 2020 11:56 (UTC+04:00)

Fevralın 9-da keçiriləcək parlament seçkilərinin marafonu başa çatır. Sabah ölkənin 125 dairəsindən 125 vətəndaşımıza deputat mandatı qazandırmaq üçün seçicilər məntəqələrə təşrif buyuracaqlar. Builki parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib. Deputatlığa namizədliyi qeydə alınan 1637 nəfərdən indiyə qədər 319 nəfəri deputatlığa namizədliyini geri götürüb, MSK 1 nəfərin deputatlığa namizədliyini ləğv edib. Hazırda deputatlığa namizədlərin sayı 1317 nəfərdir.

Milli Məclisə seçkilərlə bağlı 5 milyon 238 min seçici qeydiyyatdan keçib və bu seçicilər 125 dairə üzrə paylaşılır. Müstəqillik dövrümüzdə keçirilən seçkilər bir daha Azərbaycanda seçki mədəniyyətinin formalaşdığını göstərir: Belə ki, dövrlər üzrə keçirilən seçkilərdə olan seçici aktivliyi də bunun bariz nümunəsidir. Belə ki, 2005-ci ildə keçirilən seçkilərdə - 42 faiz, 2010-cu ildə - 46 faiz, 2015-ci ildə isə 55 faiz seçici aktivliyi müşahidə olunub.  İndiki seçkilərdə seçici aktivliyinin daha yüksək olacağı gözlənilir. Çünki, namizədlərin təbliğat-təşviqat fəaliyyəti dövründə baş verənlər, siçicilərin sosial şəbəkələrdəki fəallığı, namizədlərin bacarıq və təcrübələri, xalqın və dövlətin işinə verəcəkləri xeyir barədə geniş müzakirələr açılıb. Yəni, müstəqillik illərində başlanmış demokratik quruculuq prosesinin bəhrəsi özünü büruzə verir. Xalq dövlətə inanır və güvənir. Sadə adamların, seçilmək hüququnu yenicə qazanmış vətəndaşlarımız da prosesdə gənclik enerjisi ilə yaxından iştirak edir və əminliklə mübarizə aparır. Çünki, haqqın, ədalətin təntənəsinə inanır.  Hazırkı seçkilərin bir özəlliyi namizədlərin 22,58 faizinin  qadınlar olmasıdır. Bu göstərici artıq rekord deməkdir.

Seçki prosesinin demokratik dəyərlərə cavab verməsi beynəlxalq müşahidəçilər tərəfindən də təsdiqlənir. Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, politoloq İsmayıl Safi bildirib ki, qardaş ölkə olan Azərbaycanda demokratik siyasi mühit mövcuddur: “Azərbaycan cəmiyyətində demokratiyaya sevgi tarixi irsdən gəlir. Hələ 100 il bundan əvvəl Şərqdə ilk parlamentli respublika məhz Azərbaycanda qurulub. Bu parlament seçkilərinin nəticələrinin də qeyd etdiyim tarixi irslə səsləşəcəyinə inanıram”.

Azərbaycanda seçkiöncəsi mühitin kifayət qədər demokratikliyi ilə səciyyələndiyini vurğulayan İ.Safi namizədlərin sayının çoxluğunun bunun bariz nümunəsi olduğunu bildirib: “Cəmiyyətdə şəffaf seçkilərə inam kifayət qədər böyükdür. Seçki prosesi öz axarı ilə gedir. Namizədlər müstəqil şəkildə təbliğat-təşviqat kampaniyalarını aparırlar. Onlara qanunvericiliyə uyğun olaraq bərabər şərait yaradılıb. Bütün bunlar seçkilərin demokratik prinsiplərə uyğun, ədalətli və şəffaf şəraitdə keçiriləcəyini deməyə əsas verir”. 

Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkiləri izləmək üçün Azərbaycanda səfərdə olan Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri fevralın 6-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüblər. MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən  verilən məlumata görə, komissiyanın inzibati binasında rusiyalı media təmsilçilərini salamlayan sədr Məzahir Pənahov görüşdən məmnunluğunu bildirərək qeyd edib ki, Azərbaycanda keçirilən seçkilər daim yerli və beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla izlənilir. Seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün imkanlar yaradılıb. Yerli və beynəlxalq müşahidəçilərlə yanaşı, yerli və xarici kütləvi informasiya vasitələrinin və digər aşkarlıq institutlarının sərbəst fəaliyyəti üçün hər cür şərait mövcuddur. Məhz bütün bunların nəticəsidir ki, Milli Məclisə keçiriləcək seçkiləri izləmək üçün 59 beynəlxalq təşkilatdan 900-ə yaxın beynəlxalq müşahidəçi, habelə çoxsaylı siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını, qeydə alınmış namizədləri təmsil edən və fərdi qaydada seçkilərin müşahidəsinə qoşulan 78000-ə yaxın yerli müşahidəçi akkreditasiyadan keçib. Seçkilərdə “exit-poll” keçirmək məqsədilə MSK-ya müraciət edən 3 təşkilatın hamısı qeydə alınıb ki, onların da 2-si öz fəaliyyətlərini xarici partnyorları ilə birgə quracaq.

Şəffaflığın təmin olunması üçün əlavə vasitə kimi, bütün ölkə coğrafiyasını əhatə etməklə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Bu, dünyanın istənilən yerində olan internet istifadəçilərinə müşahidəçi statusuna yiyələnmədən və hətta Azərbaycana gəlmədən, MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan hər kəs üçün açıq platformada seçki günü birbaşa onlayn rejimdə səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsi proseslərini əvvəldən axıradək fasiləsiz izləməyə, geniş və hərtərəfli müşahidə etməyə imkan verir.

N.NOVRUZ