ADU-da “Uhan biz səninləyik!” adlı tədbir keçirilib (FOTO)

10 Fevral 2020 09:58 (UTC+04:00)

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Bahar bayramının başa çatmasını qeyd edən ənənəvi Çin fənərləri bayramı qeyd olunub.

Mövqe.az-ın məlumatına görə, ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çində koronavirus epidemiyasının Bahar bayramı ilə üst-üstə düşməsindən təəssüfləndiyini bildirərək, məzmununa görə müxtəlif və çoxrəngli ənənəvi Çin bayramlarının qədim tarixə malik olduğunu və nadir Çin mədəni irsinin tərkib hissəsi olduğunu qeyd edib.

R.Abbasov xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanlandığı məktubda epidemiyanın və insan tələfatının yayılmasının qarşısının alınması istiqamətində Çin hökumətinin atdığı addımları yüksək qiymətləndirdiyini və bu müvəqqəti çətin günlərdə Azərbaycan xalqının dost Çin xalqı ilə həmrəy olduğunu və ona hər cür kömək göstərməyə hazır olduğunu vurğulayıb.

ADU Konfutsi İnstitutunun əməkdaşları qonaqlara folklor tamaşaları təşkil edən fənərlər bayramının ənənələri yanqenin rəqsi, alovlu əjdaha şəklində fənərlərlə rəqs, şirlərin rəqsi haqqında danışıblar. Sonra bayramın əsas mərasimi - ənənəvi Çin fənərlərinin yandırılması və fənərlərə təhkim edilmiş əyləncəli tapmacaların açılması olub. Sonda ADU - nun çinşünas tələbələri Çin xalqı ilə həmrəyliyini ifadə edərək «Uhan biz səninləyik!» adlı videoçarxın çəkilişində iştirak ediblər.