Rusiyalı müşahidəçi: “Azərbaycanda seçkilər çox səlist təşkil olunub”

10 Fevral 2020 10:44 (UTC+04:00)

“Seçkilər çox səlist təşkil olunub. Bakıdan kənarda da seçki prosesinin təşkili paytaxtdakından heç nədə geri qalmırdı”.

Mövqe.az xəbər verir ki, bunu Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini müşahidə edən Rusiya Federasiya Şurasının Elm, Təhsil və Mədəniyyət Komitəsinin rəhbəri Liliya Qumerova deyib.

"Üç gün Bakıda işlədik, beynəlxalq təşkilatlar, o cümlədən MDB İcraiyyə Komitəsi, MDB PA çərçivəsində monitorinqlərdə iştirak etdik. Seçki günü üç seçki dairəsinin 11 məntəqəsində olduq. Hər yerdə çox yaxşı əlaqələndirilmiş iş aparıldığını gördük, məntəqə komissiyaları sədrlərinin yüksək peşəkarlığı hiss olunurdu. Getdiyimiz bütün məntəqələrdə videokameralar vasitəsilə müşahidə aparılırdı. Müşahidəçilərə də hər cür şərait yaradılmışdı”, - o bildirib.

Seçici fəallığını şərh edən rusiyalı müşahidəçi qeyd edib ki, seçicilər gündüz vaxtı məntələqlərə daha çox gəliblər: “Artım sabit idi. 47%-lik fəallıq yaxşı göstəricidir. Hesab edirik ki, heç bir ajiotaj və siyasiləşmə olmadı. Bu, sabitliyin əlamətidir”.