Azərbaycanın növbəti seçki uğuru

11 Fevral 2020 10:34 (UTC+04:00)

 

Azərbaycanda fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri də uğurla başa çatdı. Seçki günü müşahidə edilən aktivlik prosesə seçicilərin ciddi marağının olduğunu ortaya qoydu. Prosesi müşahidə edənlərin açıqlamaları da belə deməyə əsas verir ki, seçki bütün demokratik parametrlərə uyğun, çox şəffaf şəraitdə baş tutub. Seçicilərin seçim hüququna tam riayət olunub, seçki sonrası yekun protokollar tam dəqiqliyilə tərtib olunub. Seçkilərdə hamı üçün bərabər rəqabət mühiti təmin edilib. Yəni proses tamamilə qanunvericiliyə uyğun şəkildə aparılıb.

Azərbaycanda baş tutan bu seçkilərə beynəxalq müşahidəçilər də yüksək qiymət verib.  Məsələn, Avrasiya İqtisadi Əlaqələr Dərnəyi İdarə Heyətinin rəhbəri, “EkoAvrasiya” jurnalının baş redaktoru Hikmet Eren müşahidələrinə əsasən deyib ki, Azərbaycanda çox gözəl seçki mühiti var: “Azərbaycan demokratik dəyərlərin möhkəmləndirilməsi istiqamətində ciddi uğurlar əldə edib. Bu seçkilərdə daha güclü rəqabətin olduğunu deyə bilərəm. Sosial şəbəkələrdə aparılan müzakirələr, edilən paylaşmalar deməyə əsas verir ki, ölkədə demokratik seçki mühiti mövcuddur. Bu mühit azad və ədalətli münbit zəmin yaradıb”.

Yurddaş Partiyasının sədri Mais Səfərli seçkilərin müəyyən mərhələsində iştirak edən birisi kimi seçki prosesinin əvvəldən sona qədər normal şəkildə, demokratik mühitdə keçdiyi qənaətindədir: “Yəni müşahidələrim onu deməyə əsas verir ki, cəmiyyət tərəfindən bu dəfəki seçkilərə maraq olduqca böyük idi, fəallıq yüksək oldu. Bu fəallıq özünü istər seçicilərin timsalında, istərsə də namizədlərin timsalında göstərdi. Namizədlərin sayı əvvəlki seçkilərlə müqayisədə qat-qat çox idi.

Bütün bunlar seçkilərə cəmiyyətin yüksək diqqətinin olduğunun göstəricisidir. Bu da təbiidir. Hər kəs bilir ki, Azərbaycan Konstitusiyasına görə hakimiyyətin mənbəyi xalqdır. Milli Məclis hakimiyyətin qanunverici qolu olmaqla 3 əsas qolundan biridir. Qanunverici orqanda təmsil olunmaq üçün də çox sayda insan namizədliyini irəli sürmüşdü. Seçki kompaniyası da normal şəraitdə baş tutdu. Son seçki günü də demokratik prosedurlara uyğun şəkildə keçirildi. Bütün hallarda fəal seçki prosesinin şahidi olduq. Bu isə onu göstərir ki, seçicilər dövlətimizin taleyinə, şəxsi talelərinə biganə deyillər. Kimin onları təmsil etməsinin fərqindədirlər. İstəyirlər ki, Milli Məclisdə onları layiqli insanlar, onların sözünü deyən şəxslər təmsil etsinlər. Daha yalnız 5 ildən bir gəlib dairədə görsənən insanlar yox.

Bu baxımdan hesab edirəm ki, keçirilən seçkilər Azərbaycanın yeni ir siyasi inkişaf yolu keçdiyinin sübutudur. Proses göstərdi ki, Azərbaycan cəmiyyəti özlərinin və dövlətin  taleyinə biganə deyil.

Seçkilərin fəal keçməsinin səbəblərindən biri də həmsöhbətimizin fikrincə, Azərbaycan Prezidentinin dövlət həyatının bütün sahələrində apardığı islahatlarla bağlıdır: “Hər kəs yaxşı anlayır ki, hakimiyyətin digər qollarını əhatə edən bu islahatlar qanunverici orqandan da yan keçməlidir. Qanunverici hakimiyyətdə  islahatlara məruz qalmalıdır. Ona gərə də Milli Məclis yenidən formalaşdı. Yeni parlamentdən cəmiyyətin gözləntiləri də çoxdur. Ümumi seçki mənzərəsi onu göstərdi ki, insanlarımız öz talelərinə biganə deyillər. Ona görə də seçicilər prosesdə aktiv və fəal oldular. Prosesi çoxsaylı beynəlxalq müşahidəçi də izlədi. Onların bəzilərinin fikirlərilə tanışam. Onlar da ölkəmizdə keçirilən bu seçkilərin demokratik standartlara uyğun olduğu, seçicilərin öz iradələrini sərbəst şəkildə ifadə etdiklərini və seçicilərin fəallığını qeyd edirlər. Bütün bunlar isə təbii ki, sevindirici haldır”.

R. SOLTANOV