Xarici işlər naziri sevincini gizlətmədi

10 May 2012 18:46 (UTC+04:00)

"Biz Qoşulmama Hərəkatına üzv ölkələrin BMT-nin dörd qətnaməsində öz əksini tapmış beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə yekdilliklə dəstək verməsinə şadıq". APA-nın məlumatına görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının Şarm Əl-Şeyx şəhərində keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iclasında çıxışı zamanı deyib.

O, adı çəkilən təşkilatın beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında, regional təhlükəsizlikdən sosial-iqtisadi inkişafa kimi geniş spektrli məsələlərin həllində mühüm rol oynadığını vurğulayıb: "Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Biz hərəkata üzv ölkələrlə ikitərəfli əlaqələrimizi genişləndirmişik. Azərbaycanın Qoşulmama Hərəkatına üzv bir sıra ölkələrin köməyi ilə bir neçə layihənin həyata keçirilməsinə başlanılıb. Biz bu fəaliyyəti gələcəkdə genişləndirməyi nəzərdə tuturuq". 

Xatırladaq ki, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iclasında qəbul olunmuş yekun sənəddə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ də öz əksini tapıb.