Bu gündən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) magistraturaya qəbul imtahanının 23 iyun tarixində keçirilmiş ikinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Apelyasiya komissiyası fəaliyyətə başlayıb.
TQDK-nın mətbuat xidmətindən Mövqe.az-a verilən xəbərə görə, Apelyasiya komissiyası 2 gün ərzində fəaliyyət göstərəcək. Bakalavrlar iyunun 27-də və 28-də Apelyasiya komissiyasına yalnız şəxsən şəxsiyyət vəsiqələrini təqdim etməklə müraciət edə bilərlər.
Qeyd edək ki, ötən gün ali təhsil müəssisələrinin magistraturalarına keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb. Bu nəticələrə əsasən, magistraturaya qəbul imtahanlarında bəzi ixtisaslar üzrə müsabiqə şərtləri dəyişib. Belə ki, 6, 7, 9, 20, 21, 26 və 29 saylı proqramlar üzrə müsabiqə vəziyyəti və qəbul planı nəzərə alınaraq müsabiqə şərtlərində dəyişiklik edilib. Bu proqramlar üzrə ixtisaslaşma seçimində iştirak etmək üçün bakalavrların imtahanın ikinci mərhələsindəki nəticələrinə qoyulan minimal tələb dövlət sifarişli yerlər üçün 20, ödənişli yerlər üçün isə 15 bala endirilib, ümumi bala qoyulan tələblər dəyişməyib.