Baş nazirlə yanaşı, prezident də erməniləri məyus edib

12 Fevral 2020 08:35 (UTC+04:00)

Ermənistan parlamentinin hakim partiyanın fraksiyası tərəfindən irəli sürülmüş layihəni dəstəkləyərək referendum qərarını verməsi ictimaiyyəti nə qədər məyus etmişdisə, prezident Sarkisyanın tələm-tələsik qərarı təsdiqləməsi iki o qədər məyus edib. Xalqın bu qərardan sonra hakimiyyəıt strukturlarına olan inamları bilmərrə qırılıb. Politoloq Armen Kareyan bu haqda fikirlərini oxucularla bölüşərək bildirir ki, Sarkisyanın bu hərəkəti şəxsi nöqteyi-nəzərdən özünü doğrultsa da, mili dövlətçilik maraqlarına kökündən ziddir.

“Bazar günü məlum oldu ki, prezident aşkar qeyri-təbii tələskənlik göstərərək konstitusiya dəyişikliklərinin keçirilməsi üçün referendumun vaxtını aprelin 5-ə təyin edib. Əlbəttə, Sarkisyanın addımını ümummilli sensasiya adlandırmaq olmaz, ən azı ona görə ki, KİV nümayəndələri ilə görüşü ərəfəsində o öz şəxsi imzasının əhəmiyyətini dəyərləndirməyərək bildirmişdi ki, Nikol Paşinyanın oyunlarının əksinə getməyəcək”.

Düzdür, prezidentin referendum gününü təyin etmək üçün parlamentin qərarını imzalayıb-imzalamamasından asılı olmayaraq, Ermənistan Konstitusiyasının “Referendum haqqında” 12 maddəsində deyilir ki, əgər prezident 3 gün ərzində qərarı imzalamasa o avtomatik qanuni qüvvəyə minir. Belə olan halda, doğrudan da, prezident, onun vətəndaşlığı və daimi yaşayış müddəti məsələsini daim gündəmdə saxlayan baş nazirlə münasibətləri niyə gərginləşdirməlidir ki?!

Bu səbəbdən Kareyan hesab edir ki, Sarkisyanın prezident kimi mövcudluğu əvvəldən məqsəd olub, daha seçilib xidmət etmək yox. Yəni, hər şey planlaşdırılıb və hansı yolla olur-olsun həyata keçirilib. Maraqlı burasındadır ki, bu il yanvarın 22-də parlamentin qəbul etdiyi “ER-da Cinayət-prosessual məcəlləsinə dəyişikliklər və əlavələr” haqda qanun layihəsinə, “Bank məxfilikləri haqda” qanun layihəsinə qol çəkməyib. İndi müəllif soruşur ki, bu mühüm layihələri imzalamaq üçün Sarkisyana nə mane olub? Xüsusən də referendumdan əvvəlki proses konstitusiya qaydalarının və qanuni prosedurların kobud şəkildə pozulması ilə müşayiət olunub, bu da Sarkisyana Konstitusiyanın 169-cu maddəsi ilə müəyyən edilmiş qaydada Konstitusiya Məhkəməsinə müraciət etmək üçün əsas verirdi.
Aydındır ki, referendum gününün təyin edilib-edilməməsi ilə bağlı prezident iqamətgahı tərəfindən verilən izahatda prezident parlamentin qəbul etdiyi qərara öz münasibətini və mövqeyini bildirmir. Amma bununla belə erməni ictimaiyyəti fikirləşir ki, bu vəziyyət Armen Sarkisyanın məsuliyyətsizliyinə heç cür haqq qazandırmır. Armen Kareyan bunu prezident Sarkisyanın fərsizliyi kimi səciyyələndirir və bildirir ki, bu situasiyada o yalnız şəxsi münasibətləri fonunda fikrini bəyan etmiş olur. 

Bütövlükdə Ermənistanın baş naziri Paşinyan ölkədə necə və nə cür istəyir, elə də hərəkət edir, qərarlar verir və heç kimi vecinə almır. Hətta onu hakimiyyətə çiyinlərində gətirmiş ictimaiyyət və ictimai fikir də gündəmdən çıxarılıb. Bu səbəbdəndir ki, erməni professional hüquşünasları referendum qərarını imzalamamaq üçün prezidentə müraciət etsələr də, onların tələbinə məhəl qoyulmayıb.

Bu proses fonunda erməni cəmiyyətinin gücü yalnız hissiyyatlı suallar verməyə çatır: Konformizm və siyasi hedonizm dəhşətinə düşən Armen Sarkisyan nə imzaladığını başa düşürmü? Doğrudanmı başa düşmür ki, “Mənim addımım” nümayəndələrinin və onların siyasi və ideoloji “atalarının” qarşısında yaşıl işıq yandırmaqla bir daha ölkəni parçalanma, bölücü “qara” və “ağ” xətlərin çəkilməsi prosesinə soxdu?

Beləcə, Ermənistan hakimiyyətinin qanuna və xalqa zidd fəaliyyəti davam edir. Avropa təsisatları isə susur. Budur erməni demokratiyası və Avropa ictimai dəyərləndirməsi.

N.NOVRUZ