Azərbaycan Lvovla iqtisadi əlaqələri inkişaf etdirmək niyyətindədir

12 Fevral 2020 11:26 (UTC+04:00)

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Lvov Vilayət Dövlət Administrasiyasının rəhbəri Maksim Kozitski ilə görüş keçirib.

Mövqe.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Ukrayna regional əlaqələrinin, o cümlədən sənaye, kənd təsərrüfatı, turizm, tibb sahəsindəki əlaqələrin inkişafı məsələləri müzakirə edilib.

“Lvov vilayəti Qərbi Ukraynanın incisidir. Bizim inkişaf etmiş infrastrukturumuz, bir çox universitetimiz və yaxşı təhsilimiz var. Müxtəlif sahələrdə - sənaye, kənd təsərrüfatı, tibb və turizm sahələrində sizinlə əməkdaşlıq etməyə hazırıq. Odur ki, Azərbaycan şirkətlərini Lvov bazarlarına fəal investisiya qoymağa dəvət edirəm”, - M.Kozitski deyib.

Öz növbəsində, səfir Azərbaycanın Ukrayna ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Görüşdə tərəflər ali təhsil sahəsində ortaq layihələrin inkişaf etdirilməsini, xarici tələbələrin Ukrayna universitetlərində təhsil almağa cəlb edilməsini müzakirə ediblər, turizm, tibb, iqtisadiyyat sahələrində əməkdaşlığa maraq göstərdiklərini vurğulayıblar.

Görüşün sonunda A.Xudiyev M.Kozitskini Azərbaycana səfər etməyə və iqtisadiyyatın xüsusiyyətləri və özəllikləri, gələcək əməkdaşlığın mümkün faydaları ilə şəxsən tanış olmağa dəvət edib.