Radikallar yenə qarşıdurmaya can atır

13 Fevral 2020 09:33 (UTC+04:00)

Radikal müxalifət dairələri yenə də ölkədə qarmaqarışıqlıq, xaos yaratmaq niyyətindədirlər. Belə ki, bu qaragüruhçu qüvvələr fevralın 16-da icazə verilməyən məkanda yenə də razılaşdırılmamış aksiya keçirmək istəyir. Tələbləri də başa çatan parlament seçkilərinin guya ədalətsiz şəkildə keçirilməsidir. Halbuki, əksər beynəlxalq müşahidəçilərin fevralın 9-da olan seçkilərlə bağlı rəyi müsbət olub. Yəni bu mənada radikal müxalifətin seçki ilə bağlı xarici müşahidəçilərdən gözlədikləri ümidləri də puça çıxıb. Bunun da səbəbi sözsüz ki, ölkəmizdə keçirilən seçkilərin tam şəffaf və demokratik müstəvidə keçirilməsilə bağlıdır. 

Qeyd edək ki, müxalifət qanunsuz aksiyalara hələ fevralın 11-dən start verib. Belə ki, bir qrup şəxs fevralın 11-də axşam saat 18:00 radələrindən başlayaraq Mərkəzi Seçki Komissiyasının qarşısında icra orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. Saat 20:00 radələrinə qədər MSK-nın nümayəndələri həmin şəxslərlə söhbət aparıb. Lakin icazəsiz aksiya keçirənlər MSK nümayəndələrinin izahedici söhbətlərini dinləməyiblər, öz qanunsuz hərəkətlərini davam etdiriblər. Nəticədə polis əməkdaşları tərəfindən qanunsuz aksiyanın qarşısı alınıb. Niyə radikal müxalifət yenə də icazə verilməyən yerlərdə mitinqlər keçirməyə cəhd edir? Bu fonda onların qarşıdurma yaratmaqda məqsədləri nədir?

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, radikal müxalifət yenidən icazəsiz yerlərdə aksiyalar keçirməklə ölkəni xaosa sürükləmək, hərc-mərclik yaratmağa çalışırlar: “Ölkəmiz öz qürurlu tarixində daha bir siyasi kampaniyanı uğurla başa vurdu. 9 fevral parlament seçkiləri demokratik inkişaf istiqamətində atılan növbəti addım kimi yaddaşlara yazıldı. Bunu təkcə ölkə ictimaiyyəti deyil, seçkiləri müşahidə etmək üçün Azərbaycana gələn beynəlxalq müşahidəçilər də hesabatlarında, açıqlamalarında xüsusi olaraq vurğulayıb. 9 fevral seçkilərilə Azərbaycan ölkə daxilindəki qaragüruhçu qüvvələrə və xaricdə dövlətimizi istəməyən dairələrə bir daha göstərdi ki, ölkəmizdə baş tutan bu mühüm hadisəni tam demokratik və şəffaf şəraitdə keçirməyə qadirdir. Növbədənkənar seçki anonsu veriləndən seçki gününün sonuna qədər proses tam şəffaf olub. Heç demokratik ənənələrilə öyünən Qərb ölkələrində seçkilər bu qədər şəffa şəraitdə keçirilmir. Bu mənada ölkəmizdə baş tutan seçkilər dünyaya örnəkdir. Lakin ölkəmizin uğurlarına sevinənlərlə bərabər, inkişafımıza qısqanclıqla yanaşan xarici və daxili qüvvələr hələ də öz çirkin əməllərindən əl çəkmirlər.

O ki qaldı radikal qüvvələrin seçkinin nəticəsindən narazı qalması, görünür, onlarda hələ də uduzmaq mədəniyyəti formalaşmayıb. Bu qüvvələr sivil dəyərlərə malik olsaydılar, bərabar və şəffaf şəraitdə keçirilən seçkilərdə uduzduqlarını etiraf edərək, qalibləri təbrik etməli idilər.

 Azərbaycan hüquqi dövlətdir. Ona görə də hər kəs ölkə qanunlarına əməl etməli, ona tabe olmalıdır. Parlament seçkilərində məğlub olmuş bəzilərinin sifarişini yerinə yetirən qanun pozucuları dərk etməlidir ki, Azərbaycanın Milli Məclisinə ən yüksək səs toplamış qaliblər deputat seçilir. Bu il parlament seçkilərində rekord həddə namizəd qeydə alındı. Namizəd olmuş 1500-ə yaxın insanın hamısını 125 yerə sığışdırmaq mümkün deyil. Bu seçkidir, siyasi mədəniyyət tələb edən bir siyasi aksiyadır. Bu reallığı hər kəs anlamalı, məğlub olmuşlar öz riyakar niyyətlərindən əl çəkməli, məğlubiyyətlərini etiraf etməli, qaliblərə xoş arzularını ifadə etməlidirlər. Kimliyindən asılı olmayaraq bütün vətəndaşlar qanunun aliliyinə və insanların seçiminə hörmətlə yanaşmalıdır.

Ancaq görünən odur ki, qaragüruhçu qüvvələr bunun əvəzində yenə də qarşıdurmaya, şəffaf keçirilən seçkilərin nəticəsinə kölgə salmağa, bir sözlə ölkədə hərc-mərclik yaratmağa çalışırlar. Qarşıdurma yaratmaqla guya həm daxildə cəmiyyətin, həm də xaricdə Azərbaycana düşmən olan qüvvələrin diqqətini özlərinin uydurduqları saxta seçkilərə yönəltmək istəyirlər. Bununla özlərinin də guya var olduqlarını da ortaya qoymağı düşünürlər. Başlıcası isə onların bu sayaq qanunsuz aksiyalar keçirməkdə məqsədi ölkəmizi xaosa sürükləmək, movcud olan sabitliyi pozmaqdır. Xaos yaratmaqla Azərbaycanımızı xarici dövlətlərin əlaltısına çevirməyi, onlardan asılı hala salmağı düşünürlər. Lakin keçirilən seçkilər bir daha göstərdi ki, Azərbaycanda xalq iqtidar birliyi daha da güclənib. Azərbaycan xalqı mövcud iqtidarın, hakimiyyət də xalqın arxasındadır. Bu fonda kimliyindən, hansı xarici qüvvə olmasından asılı olmayaraq heç kim bir birliyi pozmağa, ona zərər yetirməyə nail ola bilməyəcək. Bu birmənalıdır. Qanunu pozan, qanunsuz aksiya keçirməyə cəhd edənlər isə hər zaman olduğu kimi yenə də qarşılarında asayiş keşikçilərini görəcəklər”.

R. SOLTANOV