Yanvar ayında əsas kapitala 1 mlrd manata yaxın vəsait yönəldilib

13 Fevral 2020 12:50 (UTC+04:00)

Bu ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 996,7 milyon manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 60,8%-ni bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.

Mövqe.az bu barədə Dövlət Statistika Komitəsinə İstinadən xəbər verir.

Məlumata görə, ümumi sərmayənin 70,6%-i məhsul istehsalı sahələrinə, 17,5%-i xidmət sahələrinə, 11,9%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 61,1%-ni təşkil edib.

Qeyd edək ki, əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 73,7%, büdcə vəsaitləri 14,2%, əhalinin şəxsi vəsaitləri 6,8%, büdcədənkənar dövlət fondlarının vəsaitləri 3,4%, bank kreditləri 1,2%, sair vəsaitlər isə 0,7% təşkil edib.