Yerli aqrar məhsulların qiyməti alıcıları qane etmir

27 İyun 2013 14:30 (UTC+04:00)

Sabir Vəliyev: "Bizim məhsullar baha olsa da, daha keyfiyyətlidir, daha dadlıdır"


Mövsümlə bağlı olaraq bazarlarda yerli kənd təsərrüfatı məhsullarının həcmi artmaqdadır. Lakin alıcıları narazı salan məqam qiymətlərdə hələ də nəzərəçarpacaq ciddi ucuzlaşmanın olmamasıdır.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) eksperti Rəşad Həsənov Mövqe.az-a açıqlamasında bununla bağlı bildirir: "Kənd təsərüfatı məhsullarının yeni mövsümün başlamasına baxmayaraq, bazarlarda bahalığı bir neçə amillə əlaqəlidir. Birincisi, mövsüm yeni başlayıb və yaxın vaxtlarda bir sıra məhsulların müəyyən qədər uçuzlaşması gözlənilir. İkincisi isə istehsalçıların bazarlara birbaşa çıxış imkanları hələ də lazımi səviyyədə deyil. Onlar məhsulları daha çox vasitəçilərə və yaxud da tədarükçülərə satırlar. Bu zaman yəni, ilkin bazarda, əslində, kənd təsərüfatı məhsullarının qiyməti heç də baha deyil. Yəni, istehsalçı məhsulu baha sata bilmir və heç də hər zaman gəlirlə işləmir. Lakin vasitəçilər bu məhsulları son istehlakçıya kifayət qədər baha qiymətlərlə təqdim edirlər. Doğrudur, əvvəlki illərə nisbətən onların da xərcləri rəsmi artıb və həmçinin ümumilikdə həyat şərtlərinin ilkin təminatı bahalaşıb. Belə ki, hazırda kənd təsərüfatı məhsullarının bazarlanmasında müəyyən müsbət yeniliklər var. Məsələn, sahibkar daha səliqəli satış şəraiti yaradır və daha çox əmtəə görünüşü cəlbedici olan məhsullar təklif etməyə çalışır ki, bu da həm kirayə xərclərinin artımına və həm də keyfiyətsiz məhsulların satışdan çıxarılmasından itkilərə yol açır. Bununla yanaşı, bazarlarda sui-istifadə və inhisar meylləri də hiss edilməkdədir.

Məhz bu səbəblərdən sadə vətəndaş bir tərəfdən də normalda ən uçuz qidalanma mənbəyi hesab edilən təkrar istehsala getməmiş kənd təsərüfatı məhsullarının qiymət təzyiqi altında əzilir".

İqtisadçı ekspert yerli meyvə-tərəvəzin baha satılmasını şərtləndirən digər səbəblərdən də danışdı: "Bilirsiniz, xaricdən idxal etdiyimiz bəzi ərzaq məhsulları aşağı keyfiyətlidir. Çünki, məhsulun maya dəyəri uçuz olsun deyə keyfiyətsiz və bəzi hallarda sertifikatsız məhsulların idxal etməyə çalışırlar. Bu məhsulları dequstasiya edən hər kəs ciddi fərqi hiss edir. Həmçinin xarici məhsullarda GMO təhlükəsi kifayət qədər çoxdur. Bu səbəblərdəndir ki, yerli məhsullar idxal edilənlərə nisbətə baha təklif edilir ".

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) bitkiçilik məhsullarının istehsalı, emalı və torpaqlardan istifadəyə nəzarət şöbəsinin müdiri Sabir Vəliyev isə bildirir: " Əvvəla, elə bir şey ola bilməz. Olsa da, vətəndaşlar nəzərə almalıdır ki, bu süni qiymət artımıdır. Qiymətlərə nəzarəti isə İqtisadi Inkişaf Nazirliyi edir. Onlar da vaxtaşırı monitorinq keçirirlər. Xaricdən gələn məhsullar əgər ucuz satılırsa, deməli onların geni dəyişdirilib, ya da ki, keyfiyyətsizliyinə görə istehlakçılar onu bəyənmirlər. Bizim məhsullar isə baha olsa da, daha keyfiyyətlidir, daha dadlıdır. Ona görə də insan hansı mühitdə yaşayıb, formalaşırsa o yerin məhsulunu almalıdır... Nəyə görə xaricdən gələni alıb yesinlər ki?! " .