Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov ABŞ-a səfər edib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarına dəstək vermək üçün Dünya Bankının təşəbbüsü ilə "Ədliyyə sisteminin müasirləşdirilməsi" adlı birgə Layihə həyata keçirilir. Həmin sənədin icrası çərçivəsində 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanıb, artıq 4 rayon məhkəməsi üçün yeni binalar tikilərək istifadəyə verilib, 7 məhkəmə üçün bina və komplekslər intensiv inşası davam etdirilir. Azərbaycanın nailiyyətlərinin dünyada geniş təbliğinə böyük əhəmiyyət verən Dünya Bankı bu məqsədlə və əməkdaşlığın genişləndirilməsi məsələsinin müzakirəsi üçün Azərbaycanın ədliyyə nazirini, Məhkəmə-Hüquq Şurasının sədrini Fikrət Məmmədovu nümayəndə heyəti ilə Bankın Vaşinqtonda yerləşən baş qərargahına səfərə dəvət edib.
Səfər zamanı yüksək səviyyəli şəxslərlə görüşən F.Məmmədov məhkəmə və ədliyyə sistemində aparılan islahatlar barədə ətraflı məlumat verib, xüsusilə infrastrukturun müasirləşdirilməsi, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi üzrə görülən işlərdən danışıb. F. Məmmədov həmçinin Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə, Azərbaycan torpaqlarının 20%-nin işğalı və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktını da görüş iştirakçılarının diqqətinə çatdırıb.
Dünya Bankının təmsilçiləri Azərbaycan həqiqətlərindən məlumatlı olduqlarını, məhkəmə-hüquq islahatlarının qısa müddətdə mükəmməl, əhatəli və kompleks şəkildə aparılmasından və yüksək nəticələrə nail olunmasından heyranlıqlarını dilə gətiriblər.
Görüşlərdə eyni zamanda, əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub, bu sahədə yeni layihəyə dair danışıqlar aparılıb.