Yeni strategiya qeyri-formal məşğulluğu minimuma endirəcək

15 Fevral 2020 09:44 (UTC+04:00)

Azərbaycanda 2018-ci ildə qəbul edilən və 2019-cu ildən 2030-cu ilə qədər olan dövrü əhatə edən məşğulluq strategiyasının hansı tədbirlərlə həyata keçiriləcəyi məlum olub. Bununla bağlı dövlət başçısı tərəfindən fevralın 13-də sərəncam imzalanıb. Həmin sərəncamla strategiyanın həyata keçirilməsinə dair 2020-2025-ci illəri əhatə edəcək tədbirlər planı təsdiq edilib. Tədbirlər planında görüləcək işlər, bu işlərin əsas və digər iştirakçılarının adları əksini tapıb.

Tədbirlər planında strategiyada nəzərdə tutulan əsas istiqamətlərə uyğun görüləcək işlər əksini tapıb. Həmin istiqamətlər sırasına məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, əmək bazarının tənzimlənməsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsi kimi istiqamətlər daxildir. Eyni zamanda, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi, sosial dialoqun inkişaf etdirilməsi, qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması, əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsi də strategiyada əsas istiqamətlər kimi müəyyən olunub.

Tədbirlər planının əsas hədəfi əmək ehtiyatlarından daha səmərəli istifadə yolu ilə əhalinin məşğulluğunu təmin etməkdir. Son illərdə qeyri-leqal məşğulluq, əmək şəraitinin yaxşılaşdırılması, layiqli əməyin təmin edilməsi və s. məsələlərlə bağlı ciddi tədbirlər görülür. Bu tədbirlərin sistemli şəkildə həyata keçirilməsi üçün xüsusi strategiyanın hazırlanması və hayata keçirilməsi vacibdir. Tədbirlər planında da məhz strategiyada nəzərdə tutulan məsələlərin həlli istiqamətləri müəyyənləşdirilib.

Xatırladaq ki, əhalinin məşğulluğunun yaxşılaşdırılması məqsədilə 2005-ci ildə “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)” təsdiq edilib. Bu Məşğulluq Strategiyasının icrasının bir-birini tamamlayan iki mərhələdə reallaşdırılmasını təmin etmək məqsədilə 2007-2010-cu və 2011-2015-ci illər üzrə müvafiq dövlət proqramları təsdiq edilib və icra olunub.

Məşğulluq Strategiyasının icrası dovrundə işsizlik səviyyəsi 7,3 faizdən 5 faizədək, yoxsulluq səviyyəsi 29,3 faizdən 4,9 faizədək azalıb, əhalinin gəlirləri 5,2 dəfə, minimum əməkhaqqı 3,5 dəfə, orta aylıq nominal əməkhaqqı 3,8 dəfə artıb. İşsizlərin, işə düzəlməkdə çətinlik çəkən vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının təkmilləşdirilməsi, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşması və rəqabətqabiliyyətliliyinin artması, iqtisadi fəallığın yüksəlməsi üçün əlverişli şərait yaradılması sahəsində müvafiq tədbirlər həyata kecirilib.

Bununla yanaşı, ölkədə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə əmək münasibətləri iştirakçılarının digər əmək hüquqlarının və təminatlarının effektiv müdafiəsinin təmin olunması istiqamətlərində hələ də görüləcək işlər var. Bu məqsədlə 2017-ci ildə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb, praktiki tədbirlərin həyata keçirilməsi üçün dövlət başçısının 2017-ci ildə imzaladığı sərəncamla Azərbaycanda qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı təsdiq edilib. Bu tədbirlərə paralel olaraq 2018-ci ildən “İşsizlikdən sığorta haqqında” Qanun qüvvəyə minib.

Son illərdə müxtəlif sahələrdə aparılan islahatlar məşğulluq sahəsində keyfiyyət göstəricilərinin inkişaf etdirilməsinə, layiqli iş yerlərinin yaradılmasına, məşğulluq sahəsində inklüzivliyin təmin olunmasına və sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında iştirakının artırılmasını tələb edir. Buna görə də qarşıdakı illərdə icrası nəzərdə tutulan “2019-2030-cu illər ucun Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” məşğulluğun inkişafına və layiqli əməyin təmin olunmasına imkan verən əmək bazarının tənzimlənməsinə dair qanunvericilik bazasının və institusional strukturun təkmilləşdirilməsi, işci quvvəsinin bacarıqlarının yuksəldilməsi, əmək məhsuldarlığının artırılması, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və sosial mudafiəyə xususi ehtiyacı olan əhali qruplarının əmək bazarına inteqrasiyasının gücləndirilməsi, sosial dialoqun davamlı aparılması, əmək standartlarının yenilənməsi, əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişafı məsələlərini özundə əks etdirməklə, məşğulluq siyasətinin ekstensiv mərhələdən intensiv mərhələyə kecidini təmin edəcək.

Strategiyada muəyyən edilən hədəflərlə bağlı huquqi çərçivə, xüsusilə də qeyri-formal məşğulluğun müəyyənləşdirilməsi və qarşısının alınması, qeyri-formal məşğulluğa nəzarət üzrə vahid elektron informasiya ehtiyatının, habelə vakansiya bankının yaradılması, peşə standartları üzrə minimum tələblərin müəyyən edilməsi, özünüməşğulluğun təşkili və digər məsələlər nəzərdə tutulub.

 

Vasif CƏFƏROV