"Azərsu" ASC regionlarda istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.
ASC-nin Mətbuat xidməti şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində İmişli şəhərində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur.
İcrasına 2011-ci ilin sentyabrında başlanmış "İmişli şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi" üzrə işlərin böyük hissəsi başa çatıb. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 45,5 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə İmişli şəhəri ilə yanaşı, Beyləqan rayonun Əhmədli kəndinin də əhatə edəcək.
İstehlakçıların dayanıqlı və
keyfiyyətli su ilə təmin edilməsi üçün su mənbəyi Beyləqan rayonu
Aşiqallılar kəndi yaxınlığındakı ərazidə yerləşən yeraltı sular
seçilib. Burada 5 ədəd subartezian quyusu qazılıb və quyu
zonasından İmişli şəhərinə 630 mm olan diametrli borularla 29,5 km
uzunluğunda magistral su xətti çəkilib, ümumi tutumu 6500 kubmetr
olan 2 ədəd su anbarı tikilib istifadəyə verilib. Yeni tikilmiş
xlorator qurğusu və laboratoriya binasında son tamamlama işləri
aparılır.
Layihə çərçivəsində İmişli şəhərinin su təchizatı və kanalizasiya şəbəkələri də yenidən qurulur. Ümumi uzunluğu 167 km olan şəhərdaxili su şəbəkəsinin 159 km-lik hissəsi çəkilərək ünvanlara birləşmələr verilib. İndiyədək 8950 abunəçinin 3293-ü smart-kart tipli sayğacla təmin olunub. Ümumilikdə İmişli şəhərinin su təchizatı ilə bağlı layihədə nəzərdə tutulan işlərin böyük əksəriyyəti yekunlaşıb, cari ilin iyul ayında su şəbəkəsinin yenidən qurulması üzrə işlər tam başa çatdırılacaq.
İmişli şəhərində yaranacaq çirkab suların axıdılması üçün ümumi uzunluğu 125 km olan kanalizasiya şəbəkəsinin, 15,7 km uzunluğunda mikrotunel tipli kanalizasiya kollektorunun tikintisi davam etdirilir. Gələcəkdə tullantı suları şəhərin kənarında tikiləcək çirkab su təmizləyici qurğuya ötürüləcək.