BMT Azərbaycanı texnologiyaların inkişafında region üçün nümunə hesab edir

28 İyun 2013 11:31 (UTC+04:00)

Azərbaycanda yüksək texnologiyalar sahəsinin inkişafı regionun əksər ölkələri üçün yaxşı nümunədir.  Mövqe.az-ın məlumatına görə, bu fikri BMT baş katibinin qlobal tərəfdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Əmir Dossal söyləyib.

 

"Biz Azərbaycanı yüksək texnologiyalar sahəsində dəyişikliklərdə ön cərgələrdə görürük. Azərbaycan bu sahədə region ölkələri üçün nümunəyə çevrilir", - bu həftə Bakıda səfərdə olan diplomat bildirib.

 

Ə. Dossalın sözlərinə görə, texnologiyaların inkişafında tərəqqi ölkədə elektron təhsil, elektron hökumət, eləcə də yüksək texnologiyaların verdiyi çoxlu digər imkanların inkişafı üçün fəal şəkildə istifadə oluna bilər. Onun sözlərinə görə, informasiya texnologiyaların inkişafı sayəsində ünsiyyət üsullarının sadələşdirilməsi ölkə qarşısında ticarət və biznes sahəsində də yeni imkanlar açır.

 

Diplomat həmçinin onu da qeyd edib ki, Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov BMT-nin rəqəmli inkişafa xidmət edən Genişzolaqlı rabitə üzrə Komissiyasının tərkibinə daxildir.