ATƏT-in tənqid qeyri-tolerantlığı

17 Fevral 2020 08:06 (UTC+04:00)

Azərbaycanda keçirilən 9 fevral növbədənkənar parlament seçkiləri “gündəmə özünəməxsus damğa vurdu” fikrinə, ümidvaram ki, heç kim etiraz etməz. Reallıqda bu seçkilər başdan-ayağa kimi bütün prosedurları ilə bizim ictimai-siyasi həyatda novator prosedur kimi qiymətləndirilə bilər. Hər bir halda ölkə əhalisi, seçicilər bir çox gözlənilməz hadisələrə şahidlik etdilər və bunlardan biri də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidəçisi təyin edilmiş Aygün Attar haqda elə həmin qurumun verdiyi qərar idi.

Məsələ burasındadır ki, ATƏT/DTİHB-nin fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar Seçki Müşahidə Missiyası fevralın 11-də Mərkəzi Seçki Komissiyasına müraciət məktubu göndərib.  Missiya rəhbəri MSK-ya müraciət edib ki, müşahidəçilərdən biri - Aygün Attarın akkreditasiyası ləğv edilsin. Müzakirələrdən sonra MSK tərəfindən Aygün Attarın akkreditasiyası ləğv edilməsi məsələsi səsverməyə çıxarılıb və qəbul edilib.

Maraqlıdır, deyilmi?! ATƏT/DTHİTB özünün seçdiyi müşahidəçinin akkreditasiyasının ləğvini tələb edib. Səbəb nədir? Saxtakarlıq, yoxsa qərəzçilik? A.Attar akkreditasiyasının ləğv edilməsinin səbəbləri barədə mətbuata bunları söyləyib: “Mən hazırda Türkiyədəyəm. Seçkilərdən sonra Türkiyəyə qayıtdım. Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün ATƏT/DTİHB-nin Türkiyədən dəvət etdiyi  təmsilçi idim. Seçkilər bitdi və mən də Türkiyəyə qayıtdım. Akkreditasiyamın ləğv edilməsinin səbəbini söyləyə bilərəm. ATƏT/DTİHB seçkilərdən 2-3 gün öncə, müşahidəçilər üçün toplantılar keçirdi. Həmin tədbirlərin birində ATƏT/DTİHB-nin Azərbaycanla bağlı işlətdiyi ifadələr, verdiyi məlumatlar qərəzli idi. Mən də onların bu qeyri-obyektiv münasibətlərinə dair etirazımı ATƏT/DTİHB-nin rəhbərinə yazılı şəkildə çatdırdım. Onların seçkilərlə bağlı obyektiv olmadıqlarını bildirdim. Digər müşahidəçilərə Azərbaycandan olan bəzi radikal və müxalif olan blogerlərin fikirlərini yansıtmalarına və həmin adamların fotolarını göstərərək yönləndirmə etmələrinə narazılıq ifadə etdim. Onları obyektiv olmağa çağırdım. Çünki onların bu davranışları məndə seçkilər boyunca və seçkidən sonra da obyektiv olmayacaqları qənaətini formalaşdırdı. Mən də etirazımı həm türk, həm ingiliscə yazıb, rəhbərliyə ünvanladım.

Fevralın 8-də ATƏT/DTİHB-nin rəhbərinə müraciət etmişəm. Fevralın 9- da seçkilərə gedib, müşahidəçi qismində iştirak etmişəm. Vəzifəmi layiqincə yerinə yetirmişəm. Fevralın 11-də “Marriott” oteldə baş tutan dəyərləndirmə toplantısında əvvəl mənə dedilər ki, sizin  akkreditasiyanızı ləğv etmişik. Səbəb kimi isə rəhbərliyə məktub yazmağımı göstərdilər. Baxın, Azərbaycana insan haqları və demokratiyadan “dərs” verməyə çalışan ATƏT/DTİHB-nin özü xəfif bir tənqidi həzm edə bilmədi”.

Faktlar Aygün Attarın şəffaf və riyasız fəaliyyətini tərcih edir. Çünki, Avropa qurumları tərəfindən Azərbaycana münasibətdə birinci dəfə deyil ki, reallıqların təhrif olunması baş verir. Demokratiya, insan hüquqları, siyasi məhbus və sairə kimi saxta və qeyri-obyektiv ittihamlar bizim ünvanımıza çox səslənib. Azərbaycanın dövlət qurumları isə çətin zamanda xalqın güzəranının yaxşılaşdırılması, torpaqlarımızın işğalını aradan qaldırmaq uğrunda mübarizə ilə yanaşı bu cür böhtanlara qarşı da mübarizə aparmalı olublar. Kim istəməz ki, haqq-ədalət içərisində, minnətsiz-sünnətsiz yaşasın? Bu, hamının, o cümlədən Azərbaycan xalqının da iqtidarlı-iqtidaesız arzusudur. Amma hər şeyin öz yeri, inkişaf tendensiyası var. Dünya barmaqların işarəsi, yaxud sözlə yox, işlə idarə olunur. Demokratiyanın yüksək olduğu ölkələrdə bu səviyyəyə bəyəm birdən-birə nail olunub? Qətiyyən, əksər ölkələr dəhşətli gilyotindən keçib gəliblər demokratiyaya. Amma “çobanın könlü olanda təkədən pendir tutan” kimi avropalılar da Azərbaycanı daim küncə sıxışdırmaq, başqa sözlə, öz əlaltılarına çevirmək üçün ən cüzi yanlışlığı belə böyük problemə çevirib təhdidə başlayıblar. Amma indi zaman dəyişib, indi Azərbaycan öz sözünü bütün səviyyələrdə bərkdən və cəsarətlə deyir, beynəlxalq tribunalardan onu təhdid edənlərə lazımı cavab verir. Hər dəfə də Avropa qurumlarının iç üzü ictimaiyyətə daha aydın bəlli olur. Aygün Attar məsələsi də bu yöndə istisna deyil.

N.NOVRUZ