Azərbaycanda istilik elektrik enerjisi istehsalı 2% artıb

18 Fevral 2020 14:01 (UTC+04:00)

Bu ilin yanvar ayında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 195,4 mln manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Mövqe.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 6,4%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 1% artaraq 23,9 mln manat təşkil edib.

Ötən ilk ayı ərzində Azərbaycanda 2 185,1 mln kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2019-cu ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 0,4% azdır.

Bunun 63,9 mln kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2019-cu ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 34,9% azdır.

Bunun 2 046,9 mln kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2019-cu ilin ilk ayının göstəriciləri ilə müqayisədə 2% çoxdur.

Hesabat dövründə Azərbaycanda 7,2 mln kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2019-cu ilin ilk ayının göstəriciləri ilə müqayisədə 36,8% azdır.

Yanvar ayında ölkədə 2,2 mln kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da ötən ilin yanvar ayının göstəricisi ilə müqayisədə 8,3% azdır.