Müxalifətin dialoq aparmaq üçün potensialı yoxdur
3 Aprel 2012 19:42 (UTC+04:00)
"Bunların bəzilərinin yazıları öyrədilmiş şəkildə xarici
mətbuatda çıxır"
Müxalifətin dialoq aparmaq üçün potensialı yoxdur. Bunu hakim Yeni
Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili
Siyavuş Novruzov YAP-ın rəsmi saytına müsahibəsində deyib.
Onun sözlərinə görə, müxalifət odur ki, iqtidara alternativ
layihələr təqdim etsin, cəmiyyətlə dövlət arasında əgər hər hansı
bir gərginlik varsa, onun aradan qaldırılması prosesində vasitəçi
rolunu oynasın və yaxud da cəmiyyətin müəyyən fikrini iqtidara
çatdırsın və s.
"Bunların isə nə cəmiyyətlə, nə insanlarla əlaqəsi var, nə ictimai
ab-havanı bilirlər, nə Azərbaycanın regionlarında gedən
proseslərdən xəbərləri var, nə ölkənin iqtisadi inkişafı barədə
məlumatlıdırlar, nə də gündəlik məsələlərdən agahdırlar. Sadəcə
olaraq, xaricdən bir mesaj gəlir, başlayırlar 1-2 bəyanat verməyə,
daxildə də bunlar başlayır bəyanatla çıxış etməyə ki, onlarla
bunlar dialoqa gəlmirlər", - S.Novruzov bildirib.
O vurğulayıb ki, parlamentdə təmsil olunan partiyalarla çoxlu sayda
birgə müzakirələr olub.
Onun sözlərinə görə, bu yaxınlarda Xocalı soyqırımının tanıdılması
ilə əlaqədar təbliğatın hansı istiqamətdə aparılmasının
məqsədəuyğunluğu, hüququ əsasları, indiyədək bu sahədə görülən
işlər və irəlidə görülməsi vacib olan məsələlər, diaspor
təşkilatlarının funksiyalarına dair müzakirələrdə parlamentdə
təmsil olunan bütün partiyalar (birtərəf, ictimaiyyət
nümayəndələri) iştirak edib.
"Biz hamısını dəvət etmişdik. Gəlmədilər. Çünki bunlar üçün maraqlı
deyil. İkinci bir tərəfdən, axı gəlsə, nəsə deməlidir. Sual
olunacaq ki, bəs sən nə etmisən bu istiqamətdə? Nə cavab verəcək?
Deyəcək ki, iqtidara gündə bir namə göndərirəm?!" - millət vəkili
qeyd edib.
Novruzov deyib ki, bunların bəzilərinin yazıları öyrədilmiş şəkildə
xarici mətbuatda çıxır. Bir kəlmə orada Dağlıq Qarabağ,
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi barədə fakt
göstərilmir, bir kəlmə Xocalı soyqırımı haqqında məlumat verilmir.
"Ancaq Azərbaycan iqtidarının müzakirəsi gedir. Əgər sən beynəlxalq
mətbuata çıxırsansa, bir kəlmə də Azərbaycanın qlobal
problemlərindən danış. Amma etmirlər, çünki o mətbuat Azərbaycana
təzyiqlər göstərməkdə maraqlı mətbuatdır və dövlətə təzyiq
göstərmək istəyir", - S.Novruzov vurğulayıb.
Onun sözlərinə görə, YAP dəfələrlə bəyan edib ki, istənilən
diskussiyaya hazırdır.
"Bizim buna potensialımız var. Bizim əlimizdə faktlar, gördüyümüz
işlər var. Onlar ortaya nə qoyacaq, mən onu başa düşmürəm", -
S.Novruzov vurğulayıb.