Ədliyyə Nazirliyi "Cənubi Qafqazda Yaxşı Yerli Özünüidarəetmə Proqramı"nın rəhbəri Gerald Duda ilə görüş keçirilib

19 Fevral 2020 17:45 (UTC+04:00)

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıq davam etdirilir

Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) "Cənubi Qafqazda Yaxşı Yerli Özünüidarəetmə Proqramı"nın rəhbəri Gerald Duda ilə görüş keçirilib.

Görüşdə Proqram çərçivəsində yerli özünüidarəetmə sahəsində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə səmərəli əməkdaşlıq qeyd olunaraq bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi istiqamətində görülən işlərdə GİZ-in xüsusi rolu vurğulanıb. 2019-cu ilin dekabr ayında keçirilmiş seçkilər nəticəsində bələdiyyələrin yeni tərkibin formalaşması ilə əlaqədar maarifləndirmə işinin əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Həmçinin bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək sahəsində görülən işlər barədə məlumat verilib, müasir dövrdə elektron informasiya-kommunikasiya texnologiyalarından istifadənin əhəmiyyəti nəzərə alınaraq bələdiyyələrlə iş portalının yaradılması istiqamətində işlərə başlanıldığı bildirilib.

Gerald Duda Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi ilə əməkdaşlığı yüksək qiymətləndirərək cari ilin aprel ayından həyata keçiriləcək yeni Proqram haqqında məlumat verib, proqram üzrə maarifləndirmə tədbirlərinin davam etdirilməsi ilə yanaşı, elektron idarəçilik, rəqəmsallaşma, yerli özünüidarəetmə sahəsində qadınların rolunun artırılması kimi yeni istiqamətlərin də əhatə olunacağını qeyd edib.

Görüşdə həmçinin, "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"na uyğun olaraq bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə xarici ölkələrin yerli özünüidarəetmə orqanları ilə təcrübə mübadiləsinin təşkili üzrə əməkdaşlıq imkanları müzakirə edilib.