Geyimdə hələ də idxaldan asılılıq yüksəkdir

20 Fevral 2020 10:27 (UTC+04:00)

Ötən ilin məlumatlarına əsasən, toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahəsində artıma nail olunub. Pambıqçılığın inkişafı toxuculuq sənayesində istehsalın daha böyük fərqlə artmasına şərait yaratsa da eyni fikirləri geyim istehsalı haqqında söyləmək olmur. Ötən il ümumən geyim istehsalında artım əldə edilib, amma əsas geyim istehsalı sahələrində geriləmə qeydə alınıb. Geriləmə ayaqqabı istehsalında da özünü göstərib.

2019-cu ilin statistikasına əsasən, toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 427,5 milyon manat dəyərində məhsul istehsal edilib. 2018-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə toxuculuq sənayesində 33,2 faiz, geyim istehsalında 22,6 faiz artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 2,9 faiz azalma müşahidə olunub.

Buradakı vəziyyəti konkredit istehsal sahələrinə diqqət yetirdikdə daha aydın görmək mümkündür. Ötən il toxuculuqda artımı pambıq lifi və pambıq ipliyinin istehsalının artması ilə bağlıdır. Məlumdur ki, son illərdə dövlət səviyyəsində pambıqçılığın inkişafına dəstək verilir və bununla əlaqədar olaraq ölkəmizdə hər il istehsalın miqdarı artır. 2019-cu ildə pambıq ipliyinin istehsalı 41 faiz, pambıq lifinin istehsalı isə 39 faiz artıb. Pambıq məhsulların istehsalı ilə bərabər toxuculuğa aid olan xalçaçılıqda da 57 faizdən artıq məhsul istehsalına nail olunub.

Geyim sektorunda isə əsas geyim vasitələrinin istehsalında geriləmə baş verib. Geyimə aid olan corab məmulatlarının istehsalında 37 faiz, kişi və ya oğlanlar üçün pambıqdan və ya kimyəvi liflərdən hazırlanan istehsalat və peşə komplektlərinin istehsalında 72 faiz əldə edilib. Amma üst geyimlərin istehsalı 11,3 faiz, alt geyimlərin istehsalı 7,3 faiz azalıb. Ayaqqabı istehsalında isə 12,5 faiz azalma qeydə alınıb.

Halbuki ölkəmizdə geyim (üst və alt geyim) və ayaqqabı məhsullarına tələb böyükdür. Əgər belə olmasaydı əhali pərakəndə ticarətdə xərclədiyi vəsaitin 17 faizindən çoxunu geyim və ayaqqabıya xərcləməzdi. Son illərdə xüsusən alt və üst geyimə xərclənən vəsaitdə artım müşahidə edilir. Bunun nəticəsidir ki, pərakəndə ticarətdə paltar və alt geyimlərin payı davamlı artıb. Əhali 2010-cu ildə paltar və alt geyimə cəmi əmtəə xərclərinin 7 faizini ayırdığı halda, ötən il 10 faizini xərcləyib.

Əhali paltara və alt geyimlərə 2014-cü ildə 2,2 milyard manat xərcləmişdisə, 2019-cu ildə bu göstərici 4 milyard manata çatıb.

Ayaqqabıya xərclənən vəsait də artır. Ayaqqabı alışına 2014-cü ildə 578 milyon manat xərcləndiyi halda, ötən il xərclənən vəsait 1 milyard manatı ötüb. 

Ümumilikdə əhali bütün növ geyimlərə (o cümlədən trikotaj məhsullarına) və ayaqqabıya ötən il 6,9 milyard manatdan çox pul xərcləyib. Halbuki, 2014-cü ildə geyimə, digər toxuculuq məhsullarına və ayaqqabıya sərf edilən vəsait 3,9 milyard manat səviyyəsində idi. Qısa müddətdə əhalinin geyim xərclərinin kəskin artması müşahidə edilib.

Geyim və bu kimi məhsullara ayrılan xərclərin qarşıdakı illərdə artması prosesi davam edəcək. Çünki həm əhalinin sayının artması, həm də əhalinin gəlirlərinin yüksəlməsi bu növ məhsullara tələbi artırır. Belə bir vəziyyətdə yerli istehsalın imkanlarının artırılması, xüsusən paltar və alt geyimlərin istehsalının, eyni zamanda ayaqqabı genişləndirilməsi əhəmiyyətlidir.

Yerli istehsalın artması ilk növbədə əhalinin ekoloji cəhətdən təmiz məhsullarla təminatını yaxşılaşdıracaq. Azərbaycan pambıq, yun, ipək, dəri istehsalını artırdığına görə geyim və ayaqqabı istehsal edən müəssisələrin təbii xammalla təminatında çətinlik yaranmır. Yerli təbii xammaldan istifadə etməklə daha keyfiyyətli, insan sağlamlığına daha münasib olan geyim vasitələrinin istehsalı yaxşı olardı. Yerli istehsalın artmasının digər mühüm tərəfi idxalın azaldılması, xaricə daha böyük valyutanın çıxmasının qarşısının alınmasıdır. Azərbaycan xammalla zəngin olduğuna görə geyim sektorunda son məhsulun istehsalının təşkili idxalın daha çox azaldılmasına imkan yaradardı. 2019-cu ilin məlumatına əsasən ayaqqabı idxalına 89,3 milyon dollar, geyim və parçaya isə 330 milyon dollardan artıq vəsait xərclənib. Manatla ifadədə geyim və ayaqqabıya ötən il 700 milyon manatdan artıq vəsait xərclənib. Amma yerli toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 427,5 milyon manat dəyərində məhsul istehsal edilib. Müqayisədən görünür ki, ölkəmizdə ötən il satılan 6,9 milyard manatlıq geyim və ayaqqabı məhsullarının üçdən ikisi idxal mallarıdır.

Bu növ mallara daxili tələbin artması və yerli istehsalın yetəri səviyyədə olmaması səbəbindən geyim və ayaqqabı mallarının idxalında artım var. 2016-cı illə müqayisədə bunu görmək mümkündür. Həmin ildə geyim və ayaqqabı idxalının dəyəri 311 milyon dollar idi. Cəmi üç ilin ərzində geyim və ayaqqabı idxalı 35 faiz artıb.

Yerli istehsalın artması məşğulluğun artımına da töhfə verə bilər. Düzdür, xarici ticarət əməliyyatları da məşğulluğun artmasını dəstəkləyir. Lakin yerli istehsalın olması məşğulluğu bir qədər də genişləndirir, elmin bu sahəsinin inkişafına təkan verir.

Sadalanan üstün cəhətlər nəzərə alınarsa, geyim sektoru üzrə istehsal imkanlarının genişləndiirlməsi böyük əhəmiyyət kəsb edir.

 

Vasif CƏFƏROV