Azərbaycan İlahiyyat İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

20 Fevral 2020 14:59 (UTC+04:00)

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Türkiyənin “29 Mayıs” Universiteti ilə əməkdaşlıq əlaqələrini genişləndirir.

İnstitutdan Mövqe.az-a verilən məlumata görə, Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov “29 Mayıs” Universitetinin rektoru Mustafa Sinanoğlu ilə görüşüb.

Görüşdə Azərbaycan İlahiyyat İnstitutu ilə “29 Mayıs” Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması; birgə layihələrin reallaşdırılması; professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi məqsədəuyğun hesab edilib.

Görüşdə alim və mütəxəssislərin iştirakı ilə konfransların keçirilməsi, pedaqoji heyətin tələbələrlə qarşılıqlı münasibətlər qurması, seminarların təşkili haqqında müzakirələr aparılıb. Elmi məlumatların ötürülməsi, təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı bilikərin bölüşdürülməsi, ali təhsil müəssisələrinin tələbə mübadiləsi və digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, Aİİ xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verir. Ali təhsil müəssisəsinin hədəfi tədrisin müasir tələblər səviyyəsində qurulması məqsədilə dünyanın digər qabaqcıl universitetləri ilə yanaşı, Türkiyə ali məktəblərinin təcrübəsindən yararlanmaq, tələbə mübadiləsi aparmaq, həmçinin ali məktəblər arasında əlaqələrin genişləndirilməsidir.