İtaliya şirkətlərinin Azərbaycana sərmayəsi artacaq

22 Fevral 2020 09:28 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfərinin əsas müsbət nəticələrindən biri də iki ölkə arasında mühüm biznes əlaqələrinin gücləndirilməsi olacaq. İndiyə qədər İtaliya və Azərbaycan arasında birgə biznes layihələri icra edilib, həm ölkəmiz tərəfindən, həm də italiyalı şirkətlər tərəfindən qarşılıqlı sərmayı qoyuluşları olub. Azərbaycanın İtaliya şirkətlərində və daşınmaz əmlaklarında investisiyaları təqribən 1,5 milyard dollar təşkil edir. İtaliyanın şirkətləri də ölkəmizə böyük məbləğdə sərmayə qoyur. Ölkəmizdə italyan mənşəli 100-dən artıq şirkət fəaliyyət göstərir və onlar tərəfindən qoyulan sərmayənin həcmi yüz milyonlarla dollar dəyərindədir. Yalınız qeyri-neft sektoruna İtaliya şirkətləri 700 milyon dollardan artıq sərmayə qoyub.

Hazırda Azərbaycanın əsas ticarət tərəfdaşı İtaliyadır. 2019-cu ildə iki ölkə arasında xarici ticarət dövriyyəsinin həcmi 6 milyard dollar olub. Ölkəmizin ümumi xarici ticarət əməliyyatlarının 18 faizi İtaliyanın payına düşüb. Ən çox məhsulu İtaliyaya ixrac edirik. Ötən il İtaliyaya 5,64 milyard dollarlıq ixrac həyata keçirilib ki, bu da cəmi ixracın 28,7 faizi qədərindədir. İdxalımızda İtaliyanın payı azdır. İtaliya Azərbaycana 370 milyon dollarlıq mal satıb və bu, ölkəmizin ümumi idxalının 2,7 faizini formalaşdırıb.

Azərbaycan İtaliyaya əsasən xam neft satır. Xam neftlə bərabər qazoylun (58 milyon dollar), qabığı təmizlənmiş meşə fındığın (33 milyon dollar) ixrac dəyəri də nəzərəçarpacaq qədərdir. İtaliya isə Azərbaycanda bütün növ məhsullar ixrac edir. Elə bir məhsul növü yoxdur ki, Azərbaycan İtaliyadan onun idxalını həyata keçirməsin.

İki ölkənin xarici ticarət əlaqələrini genişləndirmək imkanı böyükdür. Amma Azərbaycan üçün İtaliya ilə iqtisadi əlaqələrin yaxşılaşdırılmasının digər önəmli tərəfi var. Ölkəmizdə son illərdə qeyri-neft sektorunun, xüsusilə də qeyri-neft sənayesinin inkişafı məqsədilə ciddi tədbirlər görülür. Bu tədbirlərin səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara sahib sənaye müəssisələrinin yaradılmasında, eyni zamanda qabaqcıl infrastruktur xidmətlərinin təşkilində Azərbaycanın İtaliya kimi ölkələrin imkanlarından faydalanmasına ehtiyacı var. İtaliya sənayesi yüksək inkişaf mərhələsinə çatan azsaylı ölkələrdən biridir. Bu ölkənin geyim, məişət avadanlıqları, qara metallurgiya, avtomobil, kommunikasiya vasitələri, qida və maşınqayırma sahələri üzrə ixtisaslaşan böyük şirkətləri var. Bununla əlaqədardır ki, İtaliya hər il xaricə 550 milyard dollardan artıq dəyərdə sənaye məhsulu ixrac edir. Azərbaycan İtaliyanın qeyd edilən sahələr üzrə böyük texnoloji imkanlara sahib ölkələri ilə əməkdaşlıq etməkdə, həmin şirkətlərin ölkəmizdə istehsal müəssisələrinin yaradılmasında marağı böyükdür. Eyni zamanda İtaliya şirkətləri də ölkəmizin qeyri-neft sektoru ilə maraqlanır, burada baş verən dəyişiklikləri izləyir.

Buna görə də Azərbaycanın dövlət başçısının İtaliya səfəri zamanı bu ölkənin iri biznes qurumları ilə görüşü xüsusi əhəmiyyətlidir. Fevralın 20-də baş tutan görüşdə İtaliyanın ən böyük maliyyə-bank qurumu olan “Cassa Depositi Prestiti SpA”nın və bu ölkənin dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri iştirak edib.

İlham Əliyev görüşdə qeyd edib ki, İtaliya istehsalçıları yüksək səviyyəli fəaliyyəti olan çox peşəkar şirkətlərdir. Dövlət başçısı gələcəkdə İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyətinin güclənəcəyinə inandığını bildirib: “Qarşıdan gələn illərdə İtaliya şirkətləri Azərbaycanda ən fəal olan şirkətlər olacaqlar. Onların bəziləri ilə, - bu şirkətlərin nümayəndələri buradadır, - bizim artıq uzunmüddətli əməkdaşlığımız mövcuddur. Bəziləri ilə biz əməkdaşlığa başlamağı planlaşdırırıq. Əminəm ki, bugünkü işçi nahar çox məhsuldar olacaq və biz çox yaxşı nəticələri görəcəyik”.

Həm bu görüşün nəticələri, həm də iki dövlət arasında artan qarşılıqlı etimad İtaliya şirkətlərinin Azərbaycanın qeyri-neft sənayesinə böyük investisiya qoyacağının xəbərçisidir. Gözləmək olar ki, qarşıdakı illərdə İtaliya şirkətlərinin Azərbaycana sərmayə qoyuluşu artacaq. İtaliya şirkətlərinin Azərbaycana investisiya qoyuluşunu artırması bir çox cəhətinə görə əhəmiyyətli olacaq. Bu, ilk növbədə ölkəmizə valyuta daxilolmalarını artıracaq və yeni texnologiyalara sahib ola biləcəyik. Amma eyni zamanda Avropa İttifaqının digər ölkələrin Azərbaycanın qeyri-neft sənayesinə olan marağını da artıracaq. Avropa şirkətləri İtaliya şirkətlərinin davranışına uyğun olaraq ölkəmizə daha çox maraq göstərib, investisiya qoyuluşlarını artıra bilər. Belə bir gözlənti yüksəkdir.

Xatırladaq ki, İtaliyanın “Danieli” şirkəti Azərbaycanın qeyri-neft sektoruna iri investisiya qoyuluşuna start verib. 2016-cı ilin dekabrında Azərbaycanın “Baku Steel Company” və İtaliyanın “Danieli” şirkətləri arasında müasir metallurgiya kompleksinin tikintisinə dair saziş imzalanıb. Sazişə əsasən, Sumqayıt şəhərində müasir metallurgiya kompleksinin tikiləcək. Burada dəyəri 1 milyard 225 milyon avro olan dəmir konsentratından başlayaraq hazır polad təbəqələrinin istehsalını əhatə edən 5 müasir metallurgiya zavodunun tikilməsi nəzərdə tutulur. Bu kompleksin tikintisi metallurgiya sənayesi sahəsində müxtəlif çeşiddə məhsulların istehsalının genişləndirilməsinə və ölkənin ixrac potensialının artırılmasına töhfə verəcək.

Oxşar investisiyaların qeyri-neft sənayesinin digər sahələrinə də yönəldilməsi gözlənilir.

Vasif CƏFƏROV