Ermənistanda “1 mart” alveri davam edir

26 Fevral 2020 09:00 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda hər kəsi 1 mart qurbanlarının xatirəsinə həsr olunacaq aksiyaya dəvət edib. O, “facebook” səhifəsində yazıb: “Yürüş Azadlıq Meydanından başlayaraq Myasnikyanın abidəsinə doğru hərəkət edəcək”.
19 fevral 2008-ci ildə prezident seçkilərində iştirak edən və uduzan ilk prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi erməni müxalifəti, səsvermənin nəticələrindən narazılığını ifadə edərək, fevralın 20-də Yerevanın mərkəzində mitinqlər keçirmişdi. Etirazlar 2008-ci il martın 1-2-də  etirazçılarla hüquq-mühafizə qüvvələri arasında toqquşmalara səbəb olan iğtişaşlara çevrilmiş və on nəfərin ölümü, 200-dən çox insanın yaralanması ilə nəticələnmişdi.

Bu hadisədən sonra hakimiyyətdə olan Serj Sarkisyan düz 10 il prezident kürsüsündı oturmuş, lakin sonra konstitusiya referendumu ilə siyasi idarəetmənin dəyişilməsi sayəsində baş nazir postuna oturdulmuş və Paşinyanın mitinqləri ilə vəzifədən getməyə məcbur olmuşdu. Daha sonra baş nazir postunu ələ keçirən Nikol Paşinyan 1 mart hadisələrinə görə keçmiş prezident Robert Koçaryanı həbsə atdı və indi erməni cəmiyyəti Paşinyan-Koçaryan qarşıdurmasında ikiyə bölünmüş vəziyyətdədir.

Görünür, Nikol Paşinyan üstünlüyü ələ almaq, cəmiyyəti öz tərəfinə çəkmək üçün məsələni siyasi yürüşlə davam etdirmək fikrinə düşüb. Buna görə də  o, martın 1-də əhalini 12 il əvvəl qanunsuzluğa qarşı çıxan vətəndaşları gülləbaran etmiş “serj-robov” kriminal oliqarx qruplaşmasına qarşı yürüşə çağırıb. Bundan əlavə, Ermənistanın hazırkı hökuməti xalqı aprelin 5-nə təyin edilmiş konstitusiya referendumunda iştirak etməyə çağırır. Siyasi ekspertlərin rəyinə görə, ölkənin Əsas Qanununa ediləcək dəyişikliklər ədliyyə orqanlarının hazırkı rəhbərliyini ləğv etmək üçün hazırlanmışdır. İndi erməni cəmiyyəti bu iki hadisə ilə bağlı başını sındırır və bir qərara gələ bilmir. Buna görə də özü özündən soruşur: bu iki hadisəyə getməliyik, ya yox?

Erməni ekspert Samvel Ovannisyan yazır ki, 1 Mart hadisələri – “məxmər” inqilab arasındakı 10 il və sonrakı 2 il ərzində Ermənistan vətəndaşının özünüdərkində bir şey dəyişibmi? Müəllifin fikrincə, hər iki hadisə mühümdür. Ona görə ki, vətəndaşların indiki hakimiyyətə etimadının qalıb-qaımayacağını üzə çıxardacaq.

Lakin əhali əvvəlki hakimiyyətə nifrət etsə də, ictimai fikir indiki hakimiyyətə olan inamın da sarsıldığını göstərir. Siyasilər etiraf edirlər ki, Paşinyan hökumətinə əvvəllər xeyli dərəcədə ümidlər bəslənilirdi. Ancaq, sonradan məlum oldu ki, bunlar da vətəndaşları aldadırlar. Paşinyanın Qarabağ münaqişəsinin həllində sələflərinin yolu ilə getməsi, açıq mövqe sərgiləməsi, siyasətə uyğun olmayan dildə danışması, yəni naşılığı, areal populizmi onu təhdidlərlə qarşı-qarşıya qoyub. Bütün bu səbəblər ermənilərin çoxunu Nikola inamlarını sarsıdıb. İqtisadi gerilik və ekoloji ziddiyyətlər: İcevandakı meşələrin qırılması, Alaverdi zavodunun bağlanması, Amulsar problemi Pashinyan hökumətinin başını dərdlərə salan amillərdir. Əhalinin yaşayış səviyyəsi aşağı olaraq qalması, üstəlik bir çox mikro və kiçik sahibkarlıq obyektlərinin inhisara alınması, sahibkarların real gəlirlərinin azalması vəziyyəti böhran həddinə gətirib. Ermənistana investisiya yatırmaqda kiminsə maraqlı olduğunu söyləmək də olmaz. Ölkədən miqrasiya davam edir, əsgərlər qeyri-döyüş şəraitində ölür, əsgər  kazarmalarında “oğrular” tüğyan edir. Əhalinin az-çox rəğbətini qazanmış Artur Vanesyan baş nazirin bütün şıltaqlıqlarını yerinə yetirmək istəməyərək N.Paşinyan hökumətinin nüvəsini tərk edib.

Samvel Ovannisyan qeyd edir ki, on iki və iki il əvvəl Serj Sarkisyana qarşı mitinqə çıxanların çoxu Ermənistanın Rusiyayönlü inkişaf vektoruna qarşı çıxaraq siyasi mübarizəyə qoşulmuşdular: “Amma Paşinyan da tez-tez Rusiyaya qaçmağının, KTMT və ya AAİB tədbirlərini qaçırmadığının şahidiyik. Avropa bizim üçün nədir? Təbii ki, ucuz uçuşlar sayəsində o bizə daha da yaxınlaşıb, amma biz ora turist kimi deyil, daha da pis, miqrant kimi gedirik, halbuki, Ermənistanın özünü avropalaşdırmaq, təhsil səviyyəsini, hüquq və polis sisteminin islahatlarını istərdik”.
Ermənilərin istəkləri elə istək kimi də qalıb. Yeni hökumətin nümayəndələri arasında dürüstlük çatışmır: bunun sübutu iki nazir müavininin həbsi və Nəzarət Xidmətinin rəhbəri David Sanasaryana qarşı açılan cinayət işidir. Nazirliklər və idarələr istefalardan təəccüblənirlər - nazir müavinləri və məsləhətçilər öz vəzifələrinin öhdəsindən gəlmir bilmir və işdən ayrılırlar. Bunlara görə ermənilər yol ayrıcında qalıblar: martın 1-də keçiriləcək mitinqə getsinləır, yoxsa getməsinlər? Düzdür, Paşinyanın dəstəsindən olan Samvel əhaliyə mitinqə və aprelin 5-də keçiriləıcək referenduma getməyi məsləhət görür. Amma unudur ki, bu tədbirlərdən də əhali məyus qalsa Paşinyan özü gərək hakimiyyətdən gedə, çünki, həyatda limitsiz hakimiyyət mövcud deyil.

N.NOVRUZ