Tibbi maska çatışmazlığının üzə çıxardığı problem

27 Fevral 2020 09:40 (UTC+04:00)

Dünyada koronavirusun sürətlə yayılması bu virusa qarşı mühafizə tədbirlərinin gücləndirilməsini tələb edir. Bu məqsədlə qoruyucu vasitələrə, o cümlədən tibbi respiratorlara (maska) tələb dəfələrlə artıb. Tələbin həddən artıq yüksəlməsi həmin vasitələrlə təminatda çətinlik yadıb. Vəziyyət hətta o həddə çatıb ki, Almaniya, Çin kimi tibbi vasitələr istehsalında aparıcı olan ölkələr ciddi problemlərlə üzləşiblər. 

Almaniyalı əczaçılar son həftə ərzində ölkə ərazisində apteklərdə tibbi maska qıtlığının yaranması barədə məlumat yayıb. Tibbi maska qıtlığının yaranmasının səbəbi sürətlə yayılmaqda olan koronavirus epidemiyasıdır. Tibbi maskaların ölkənin müxtəlif bölgələrinə daşınmasında çətinlik var.

Çində də tibbi maska çatışmazlığı mövcuddur. Buna görə də Çin şirkətləri xaricə maska ixracını qeyri-rəsmi məhdudlaşdırıb.

Tibbi maska ilə təminatda çətinliyin yaranması həmin məhsulu idxal edən ölkələrdə daha qabarıq şəkildə özünü biruzə verir. Tələbin kəskin yüksəldiyi ilk günlərdə respiratorların qiymətinin artması müşahidə edilsə də, sonrakı günlərdə yüksək qiymətə də maska tapmaq olmur. Ötən ilin sonlarında maskanın bir ədədinin qiyməti 10 qəpik olduğu halda, yanvarın ikinci yarısından 20-30 qəpiyə, fevraldan 40-50 qəpiyə satılmağa başlayıb. Hazırda isə bir manata belə tibbi maska tapmaq mümkün deyil. Buna görə də bəzi apteklərdə “maska yoxdur” məzmunlu elanlar yazılır.

Koronovirusun İranda sürətlə yayılması onun Azərbaycana keçmə riskini yüksəldib. Buna görə də Azərbaycan vətəndaşları virusdan qorunmaq üçün tibbi vasitələrin, o cümlədən maskaların alışını kəskin artırıb. Virusun yayılma riskini nəzərə alsaq yaxın bir-iki ayda tibbi maskalara tələb bir qədər də yüksələcək.

Vətəndaşlar ən çox spirt və maska ilə bağlı müraciət edir. Ölkəmizdə tibbi spirtin istehsalı həyata keçirildiyinə görə həmin məhsullarla təminatda ciddi çətinlik yoxdur. Düzdür, tələbin artması spirtin qiymətinin yüksəlməsinə səbəb olub. Əvvəllər şüşə qablarda 50 qəpik-1 manata satılan spirtlər, hazırda 2-3 dəfə yüksək qiymətə təklif edilir. İqtisadi baxımdan məhsula tələbin kəskin artması onun qiymətinin də kəskin yüksəlməsinə əsas yaradır. Amma tibbi maskalarla təminatda problem qiymətlərin artmasında yox, məhsulun yoxluğundadır. Ölkəmizdə bu növ mühafizə vasitələri istehsal edilmədiyindən və xaricdə də həmin məhsullara tələb artdığından onun tədarükü çətinləşib. Buna görə də tibbi spirtlərdən fərqli olaraq qiymətlər yüksəlsə də tibbi maska tapmaq olmur. Aptekləri maska ilə təmin edən depolardır ki, orada da maska yoxdur.

Yaranmış vəziyyət bir daha təsdiq edir ki, ölkəmizdə daha çox istifadə edilən vasitələrin yerli istehsalının təşkili önəmli məsələdir. İstər ərzaq, istərsə də qeyri-ərzaq məhsulu olmasına baxmayaraq daha çox istifadə edilən məhsulların istehsal müəssisələrinin yaradılması vacibdir. Belə kritik məqamlarda həmin məhsullarla təminatı daha keyfiyyətli təşkil etmək üçün yerli istehsalın olması səmərəliliyi artırır.

Tibbi maska istehsalı da bu baxımdan əhəmiyyətlidir. Tibbi vasitələr arasında çox istifadə edilən məhsulların ölkəmizdə istehsalının təşkili son illərdə sürətlənib. 2019-cu ildə əczaçılıq məhsullarının istehsalında 20,6 faiz artım olub. Amma istehsalın dəyəri o qədər də yüksək deyil. Ötən il bu sahədə ümumi istehsal 3,11 milyon manat təşkil edib. 2020-cı ilin yanvarında da əczaçılıq məhsullarının istehsalı artır. Yanvarda əczaçılıq məhsullarının istehsal dəyəri ötən ilin eyni dövrünə nisbətən 60 faiz artaraq 968 min manat olub.

Azərbaycanda əczaçılıq məhsullarına və tibb vasitələrinə tələb böyükdür.

Ölkəmizdə eyni növ məhsulların pərakəndə dövriyyəsi 528 milyon manatdır. Mövcud tələbi ödəmək məqsədilə bir neçə müəssisənin tikintisi həyata keçirilir. Onlardan biri, birdəfəlik şpris müəssisəsidir ki, o, artıq istifadəyə verilib.   

Eynilə tibbi maska istehsalının da təşkili vacibdir. Qeyd edək ki, tibbi maska istehsal edən müəssisənin yaradılması şpris istehsalı müəssisələrinə nisbətən daha ucuz və daha tez mümkündür. Məsələn, Çində ölkə rəhbərliyi tələbin kəskin artmasını nəzərə alaraq tibbi maska istehsal edəcək yeni fabrik qurur. Müəssisənin cəmi altı günə inşa ediləcəyi gözlənilir. Burada hər gün 250 min maskanın hazırlanması nəzərdə tutulur. Deməli, Azərbaycan da bu cür müəssisələrin avadanlığını alıb, onu qısa inşa edə bilər.

Ölkəmizdə tibbi maska istehsalı üçün imkanlar da var. Belə ki, Azərbaycan pambıq, tənzif və digər analoji tibbi materialların istehsalı imkanlarına sahibdir. 2019-cu ildə ölkəmizdən 185,41 ton miqdarında 1,187 milyon dollar dəyərində pambıq, tənzif və digər analoji tibbi materiallar ixrac olunub. Eyni növ məhsulların idxalı isə 65,7 ton, dəyəri 118,22 min dollar təşkil edib. Buradan görünür ki, Azərbaycan pambıq, tənzif və digər analoji tibbi materiallarla təminatda əsasən yerli istehsalın imkanlarından istifadə edir. Deməli, tibbi maska ilə təminatı da yerli istehsal hesabına təşkil etmək mümkündür.

 

Vasif CƏFƏROV