Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı regionda sabitliyə çağırışdır

28 Fevral 2020 08:52 (UTC+04:00)

Fevralın 25-də Bakıda keçirilmiş Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan demişdir: “Dörd bir tərəfimizdə münaqişələr, terror və asayiş problemləri yaşandığı bir vaxtda Türkiyə və Azərbaycan bir sabitlik abidəsi olaraq yüksəlirlər. Şübhəsiz ki, buna görə sarsılmaz əlaqələrimiz qədər, güclü ordularımıza da borcluyuq. Bu mənada istər ordularımızın həmrəyliyi, istərsə də müdafiə sənayesi sahəsində atdığımız addımlar da gələcəkdə müstəqilliyimizin ən böyük təminatı olacaqdır. Müdafiə sənayesi sahəsindəki əməkdaşlığımızı inkişaf etdirməyimiz bu baxımdan böyük önəm daşıyır. “Sülh çeşməsi” əməliyyatında Azərbaycan hökuməti və xalqı ilə bir millət, iki dövlət olduğumuzu bir daha dünyaya göstərmişdik”.

Toplantı günlərində iki ölkə arasında imzalanmış əməkdaşlıq sazişlərindən biri belə adlanır: “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi-maliyyə əməkdaşlığı haqqında Saziş”. Bu sənədə əsasən Azərbaycan strateji tərəfdaşı olan qardaş Türkiyədən ən yeni və müasir standartlara cavab verən silahlar alacaq. Bu, eyni zamanda, ölkələrimiz arasında uzun illərdir ki, davam etdirilən hərbi əməkdaşlığın daha da şaxələndirilməsi və əsaslı olmasının şərtləndirir.

Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşündə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etməsi qeyd edilib. Azərbaycan və Türkiyənin həyata keçirdikləri birgə layihələr regionda və beynəlxalq aləmdə həmişə diqqəti cəlb edir. Bu iki ölkə hər cəhətdən bir-birini tamamlayan bütöv bir siyasətin daşıyıcısıdır. Bu səviyyədə əməkdaşlıq quran ölkələrin sayı dünyada çox azdır və buna görə də  bu fonda hərbi-strateji əməkdaşlıq zəruridir.

Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlıq yalnız Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi baxımından deyil, eyni zamanda, bölgədə sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət kəsb edir. 2010-cu il sentyabrın 15-də imzalanmış “Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması” haqqında Birgə Bəyannamə hərbi sahədə əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub.
Azərbaycan Türkiyənin hərbi təhsil sahəsində ən sıx əməkdaşlığının olduğu və Türkiyə Silahlı Qüvvələri tərəfindən təhsil dəstəyinin təmin edildiyi ölkələr arasında ön sıradadır. Bu günə qədər Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində minlərlə azərbaycanlı hərbçi təhsil alıb.
Türkiyə Azərbaycanı regionda çox əhəmiyyətli bir strateji tərəfdaş olaraq görür və möhkəm təməllərə əsaslanan müxtəlif sahələrdə əhatəli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səy göstərir. Bu mənada “Türkiyə və Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilə iki ölkə arasında siyasi, hərbi, iqtisadi, ticari, mədəni, elmi sahədə əlaqələrin bütün istiqamətlərini əhatə edən bir çərçivəyə malikdir. Müqavilə iki ölkənin müdafiə sənayesi sahəsində əməkdaşlığına da müsbət töhfələr verir.

Bu gün artıq ölkələrimiz arasında birgə hərbi strategiya bazası formalaşdırılıb. Müdafiə sənayesi sahəsində kifayət qədər sıx əlaqələr var. Birgə istehsal müəssislərinin qurulması yeni mükəmməl silahların istehsalını qaydaya salmağa imkan verəcək.  Türkiyə və Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın hüquqi təməldə həyata keçirilməsini təmin etmək məqsədilə iki ölkə arasında çoxsaylı mühüm müqavilələr imzalanıb və bu müqavilələr hərbi-strateji əməkdaşlıq mühitini möhkəmləndirib. Azərbaycan və Türkiyənin geniş miqyaslı birgə hərbi təlimləri hər il keçirilir. İki ölkənin hərbi kontingentləri arasında keçirilən təlimlər miqyası və müasirliyi ilə diqqəti cəlb edir.

Strateji müttəfiqlik yolunda hərbi əməkdaşlığın əhəmiyyəti olduqca böyükdür. Regionumuzda gözü olan qüvvələr çoxdur. Azərbaycanın ərazi bütövlüyü zərbə altındadır. Sabitlik hər an pozula bilər. Amma Türikyə-Azərbaycan hərbi əməkdaşlığı baş verə biləcək hər cür pozuntulara qarşı etibarlı sipərdir. Və torpaqlarımızın erməni işğalından qurtarması yolunda bu əməkdaşlıq zəmanət öhdəliyi daşıyır.

Prezident İlham Əliyev R.T.Ərdoğanla görüşdə də bəyan edib ki, Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək. Birgə hərbi təlimlərin isə miqyası və intensivliyi çoxalacaq. Bu faktor bu ölkələrin regionda və daha geniş arealda nüfuz üstünlüyü yaratmasına yeni töhfələr verəcək.

N.NOVRUZ