Müxalifət icazə verilmiş mitinqlərə getmək istəmir

28 Fevral 2020 08:55 (UTC+04:00)

Bu günlərdə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat və ReAL partiyaları, D18 hərəkatı və müstəqil namizədlərin mitinqlə bağlı müraciətini cavablandırıb. Müraciətə BŞİH-də baxılıb və onlara fevralın 29-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsindəki “Neftçi” İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında mitinq keçirmək təklif edilib. ReAL Partiyasının sədri İlqar Məmmədov, D18 hərəkatının rəhbəri Ruslan İzzətli, Müsavat Partiyasının başqan müavini Fərəc Kərimov və müstəqil namizəd Fərhad Mehdiyev fevralın 29-da Mərkəzi Seçki Komissiyasının qarşısında mitinq keçirmək üçün BŞİH-ə müraciət etmişdilər.

Lakin icazə verilən günün səhərisi müraciətçilər geri çəkilib və mitinqdən imtina ediblər. Təbii ki, səbəb köhnədir:Lökbatan uzaqdır, şəhərin mərkəzini istəyirik və sairə. Amma deyəsən, bu məsələdə başqa müəmmalar var. Belə görünür ki, “Lökbatan” adındakı “batmaq” felinin təfsiri  olan “batan” sözü müxalifətçiləri qorxuya salır. Qorxurlar ki, ora getsələr elə birdəfəlik batıb orda qalarlar. Əlbəttə bu, məcazi mənadadır. Amma reallığa çox yaxındır. Çünki, müxalifət yaxşı bilir ki, onların Azərbaycan cəmiyyətindəki yerləri və mövqeləri çox kövrəkdir. Əgər onlar mitinqi evin içində keçirməsələr, ortada, türkün sözü, məzə olmasa, çətin ki, kimsə istirahət gününü mitinqə sərf edə. Müxalifətçilərin isə nə ona, nə də buna imkanları var. Sözlərinin gücü-qüdrəti isə heç yoxdur.

Məsələ burasındadır ki, bundan əvvəlki mitinqlərin taleyi də belə olub. Yəni, hakimiyyət insanların ifadə azadlığını əldə rəhbər tutuaraq mitinq müraciətinə müsbət yaraşır, amma sonda müxalifət imtina edir. Ötən ilin payızında milli şuranın mitnqdən geri çəkilməsindən sonra Cəmil Həsənli qərarın mahiyyətini belə açıqlamışdı: “Əgər biz Lökbatanla razılaşsaq növbəti aksiyalarda mərkəzə iddia edə bilməyəcəyik. Ona görə də mütləq şəhərin mərkəzindən başqa yerə razılıq verməməliyik”.

Şəhər əhalisinin gur olduğu ərazilərə iddianın isə səbəbi tamamilə aydındır: iğtişaş. Müxalifət  mitinqi etiraz aksiyasından çox iğtişaşlar yaratmaq üçün keçirmək istəyir. Mitinq arzusunda olanlardan biri isə açıq şəkildə demişdi ki, böyük kütlə Lökbatan yolunu tutarsa 20 yanvar, 20-ci sahə istiqamətlərində qələbəlik yaranacaq, ictimai nəqliyyat bu qədər kütləni daşıya bilməyəcək, bununla da “təbii mitinq” yaranacaq. Bu da ona dəlalət edir ki, həqiqətən məqsəd araqarışdırmaqdır. Çünki, deməyə sözləri yoxdur. Artıq Azərbaycan cəmiyyəti elə bir səviyyəyə yüksəlib ki, hər nə lazımdırsa deyilir və həqiqət olan, inkişafa aparan fikirlər nəzərə alınır. Ən böyük mitinqçi də, ən böyük dəyişdirici də elə cəmiyyətin özüdür. Daha kimlərinsə onu harasa çağırmasına ehtiyac yoxdur. Növbədənkənar parlament seçkilərində yaranmış vəziyyət bunu sübut etdi. Müxalifətin “Lökbatan” qorxusu da budur. Lökbatanda uğursuzluğa batmaqdansa, yerində sayıb “çevir tatı, vur tatı” misalı özünü müxalifətçi saymaq daha məqbuldur. Bəlkə bir şey alındı, himayədarlar bunlara inanıb qrant-filan ayırdılar.

N.NOVRUZ