Azərbaycanla Türkiyə arasında güzəştli ticarətə start verilir

28 Fevral 2020 10:00 (UTC+04:00)

Bügünlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial (Güzəştli) Ticarət Sazişi” imzalanıb. Burada preferensiya bir dövlətin digərinə idxal gömrük rüsumları dərəcələrinin azalması üzrə verdiyi xüsusi güzəştlərdir. Belə güzəştlərin tətbiqi milli istehsal mallarının xarici bazarlara çıxarılmasını əhəmiyyətli dərəcədə artıra bilir.

Saziş 15 fərqli məhsul üzərində qarşılıqlı olaraq gömrükdən azadolma və gömrük güzəştləri nəzərdə tutur. Bundan təxminən iki il öncə Azərbaycan və Türkiyənin İqtisadiyyat nazirləri bu sazişin imzalanmasına hazırlıq məqsədilə anlaşma memorandumunu imzalayıblar. İki il ərzində hansı məhsullara ticarət güzəştinin verilməsi ilə bağlı ekspert araşdırmaları aparılıb.

Sazişin imzalanmasının iki ölkə arasında xarici ticarət dövriyyəsinin genişlənməsinə, iqtisadiyyatın şaxələnməsinə böyük töhfəsi olacaq. İlk növbədə onu bildirək ki, saziş ilə iki ölkə arasında ticarət dövriyyəsinin 2023-cü ilə qədər 15 milyard dollara çatdırılmasına dəstək olacaq. Hazırda ticarət dövriyyəsinin 4,5 milyard dollar təşkil etdiyini nəzərə alsaq yaxın gələcəkdə dövriyyənin 3 dəfədən çox artırılması iki ölkənin iqtisadi inkişafına böyük kömək edəcək. Ticarət əlaqələrin genişlənməsi nəticəsində xalqların həyat səviyyəsi yüksələcək, ticarətdə mallar və xidmətlərin diversifikasiyası baş verəcək.

Sazişin əhəmiyyətini şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə bildirib ki, hər iki ölkənin xarici ticarət münasibətlərində artım davam edir. İtaliyadan sonra Azərbaycanın ən böyük xarici ticarət tərəfdaşı olan Türkiyə ilə xarici ticarət dövriyyəsi 2019-cı il üçün 33 faiz artaraq 4,5 milyard dollar təşkil edib. Bu göstərici ilə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində Türkiyə 13,54 faizlə ikinci yerdə qərarlaşıb. N.Hacızadə qeyd edib ki, ixrac statistikasına nəzər yetirsək ötən il Azərbaycanın ixrac artımında yüksək faiz artımı ilə fərqlənən ölkə qardaş Türkiyə olub: “Belə ki, 2019-cu ildə Azərbaycanın sözügedən ölkəyə ixracı 2,9 milyard dolları təşkil edib. Bu, 36 faiz artım deməkdir. Qeyri-neft sektorunda müşahidə edilən artımda Türkiyəyə edilən ixrac mühüm rol oynayır. Artım Azərbaycanın ümumi ixrac payında da müşahidə edilir ki, bu 5,2 faiz artımla 14,58 faiz paya malikdir. Digər idxal əməliyyatlarında isə 2019-cu il Türkiyədən idxal 69,9 milyon dolları artaraq 1,6 milyard dollar təşkil edib. Azərbaycan 2017-ci ildən bəri Türkiyə ilə xarici ticarət dövriyyəsində müsbət saldoya malikdir. Xüsusilə, 2019-ci ildə müsbət saldo 2018-ci illə müqayisədə 966,7 milyon dollar artaraq 1,2 milyard dollar təşkil etməsi, son illərin rekord göstəricisidir. 2019-cu ilin qeyri neft ixracında 401,8 milyon dollar ixracat həyata keçirilib ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Türkiyəyə ixracda 16,5 faiz artım deməkdir. Qeyri-neft ixracında da Türkiyə Rusiya Federasiyasından sonra ikinci yerdədir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalına daxil olan ixrac sifarişlərində Türkiyə ikinci sırada qərarlaşıb”.

N.Hacızadə hesab edir ki, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəp Tayyib Ərdoğanın Bakıya səfəri zamanı imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” xarici ticarət dövriyyəsinin artırılması istiqamətində tarixi bir sazişdir. Onun fikrincə, yeni saziş iki ölkə arasında ticarət dövriyyəsinin daha da artmasına xidmət edəcək: “Azərbaycanın MDB ölkələri ilə də azad ticarət sazişləri mövcuddur ki, bu da yerli məhsulların sözügedən bazarlarda qiymət üstünlüyünə təsir edəcək amildir. Təsadüfi deyil ki, Rusiya Federasiyasına ixrac edən sahibkarlar azad ticarət sazişinin üstünlüklərindən istifadə edirlər. Türkiyənin də son üç ildə Azərbaycanın ixracında ikinci mövqedə qalması, bu ölkə bazarlarında imkanların mövcud olmasını göstərir. Bu baxımdan müəyyən edilmiş məhsullar üzrə preferensial müqavilə hər iki ölkə arasında idxal-ixrac əməliyyatlarını daha da artıracaqdır. Bundan əlavə, Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində də Türkiyə Cümhuriyyəti ilə ticarət sazişinin bağlanması ilə bağlı müvafiq maddə qeyd edilmişdir.

Bundan əlavə, “2012-ci il sentyabrın 11-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrasına dair 2020-2022-ci illər üzrə Fəaliyyət Planı” ticarət əməliyyatlarına ən yaxşı dəstək verəcək amildir. Fəaliyyət planının icrası nəticəsində hər iki ölkə məhsullarının texniki reqlamentləri və standartları uyğunlaşdırılacaq, mal və məhsul ticarətində mövcud sənədləşmənin sadələşdirilməsi ilə nəticələnəcək. Fəaliyyət planı həmçinin Türkiyə təcrübəsindən də geniş istifadəyə şərait yaradacaq. Avropa Birliyi ölkələri Türkiyənin ixracında önəmli pay tutur. Bunun bir səbəbi Türkiyənin “Avropa Gömrük Birliyi”ndə təmsil olunmasıdırsa, digər səbəbi Avropa Birliyi texniki reqlament və standartlarına uyğun mal və məhsul istehsal etməsidir. Bu baxımdan Türkiyənin bu sahə üzrə uzun illər formalaşmış təcrübəsi Azərbaycanın mal və məhsullarının Avropa Birliyi bazarlarına ixracına dəstək ola bilər”.

 

Vasif CƏFƏROV