Oğuzdakı silahlı qətlin təfərrüatı məlum oldu

28 Fevral 2020 11:26 (UTC+04:00)

Oğuz rayonunda qətl hadisəsinin təfərrüatları məlum olub.

Mövqe.az-ın məlumatına görə, rayonun Kərimli kəndində baş verən qətl hadisəsi yonca toxumu üstündə baş verib. Belə ki, qətlə yetirilən 1965-ci il təvəllüdlü Elşən Füruddin oğlu Abdullayev kənddə tingçiliklə məşğul olurmuş və kənd ərazisində avtomobili ilə birlikdə ting satırmış. Qətl hadisəsini törədən Məsumov Zərgəm Məmməd oğlu isə bu gün səhər saatlarında həmin əraziyə bir kisə yonca bitkisinin toxumunu gətirərək satmaq istəyib. Z.Məsumov gətirdiyi yonca kisəsini E.Abdullayevin avtomobilinə söykəyib, bu isə E.Abdullayevin xoşuna gəlməyib. Tərəflər arasında mübahisə başlayıb və E.Abdullayev Z.Məsumovu söyüb. Z. Məsumov da evə gedərək saxladığı of tüfəngini götürərək geri qayıdıb və E.Abdullayevi güllələyib. E.Abdullayev hadisə yerində dünyasını dəyişib.

Hadisəni törədən şəxs silahla birlikdə Oğuz rayon Polis Şöbəsinə gedərək cinayət törətdiyini bildirib və təslim olub.

Faktla bağlı cinayət işi başlanıb.