Məlumdur ki, bu gün paytaxtda xeyli sayda aşınmış, başqa sözlə desək, "ömürünü başa vurmuş" evlər var. Bu evlər Bakının mərkəzi hissəsində də çoxluq təşkil edir. Hətta bəzilərinin artıq qəzalı vəziyyətə düşdüyünü demək olar. Bu qəbildən olan tikililərdə əsasən bir və ikimərtəbəli evlər üstünlük təşkil etməkdədir.
Ancaq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, 2030-cu ilədək Bakı şəhərinin mərkəzi hissəsinin layihələndirilən planında şəhərdəki 1-2 mərtəbəli yaşayış binalarının sayı 6 dəfə azaldılacaq. Bundan başqa, "Xruşşovka", "Stalinka" tipli evlərin də vəziyyəti barədə fərqli fikirlər səslənir. Mütəxəssislər də aşınmış evlərin sökülməsini və ya əsaslı təmir olunmasını vacib hesab edirlər.
"MBA Konsaltinq" Şirkətinin rəhbəri Nüsrət İbrahimov qeyd edir ki, tikilinin fiziki və iqtisadi ömrü var: "İqtisadi ömrü onun səmərəli ömrüdür. Fiziki ömrü isə özülü qoyulandan tam yarasız vəziyyətə düşənə qədər olan dövrü əhatə edir. İqtisadi səmərələlik baxımından yaşayış binalarının orta yaşı təxminən 60 ilə qədər olur. Həmin müddətdən sonra o, həm 55-60% fiziki, həm də mənəvi aşınmaya məruz qalır. Bu gün Bakının mərkəzində fiziki aşınmaya məruz qalan yaşayış evlərinin sayı təxminən 60%-dir. Ancaq iqtisadi aşınmaya məruz qalmış binaların sayı isə daha çoxdur. Əgər fiziki aşınmya məruz qalmışlar bir-iki mərtəbəli Sovetski, Kubinka, Xutor, Alatava ərazilərində yerləşən evlərdisə, iqtisadi aşınmya artıq çoxmərtəbəli binalar da aiddir. Ancaq iqtisadi aşınmaya məruz qalan evlər ən çox "Xruşşovka", "Italiyanka", "Stanlika"lar, alman və fransız evləridir. Bu baxımdan Bakı şəhərində artıq mənzil fondunun təxminən 55 - 60% nin yenilənməyə ehtiyacı var".
Ekspert bildirdi ki, "Xruşşovka"nın hündürlüyü 2.5 metr, otaqlar isə iç - içə yerləşir: "Bina tikiləndə 25- 30 ilə hesablanıb. Amma bu müddət iki dəfə artıq aşıb. Həm də seysmik göstəriciləri aşağıdır. Yəni, "Xruşşovka"lar ömrünü başa vurub. Amma bu gündən sonra orta hesabla 10 ilə yaxın dözə bilər. "Stanlika"lar da onun kimi. Baxmyaraq ki, onların tavanın hündürlüyü 3.2 m, amma otaqlar ayrı olsa da, günün tələbini ödəmir. Bina özü hündürdür, amma lifti yoxdur. "Xruşşovka"larla müqayisədə "Stalinka"ların vəziyyəti daha yaxşıdır. Fransız evlərə baxanda isə "Xruşşovka"ların vəziyyəti daha yaxşıdır. Yəni, italiyankalar və bir çox alman evlərinin (drankalar) vəziyyəti daha pisdir. Bu gün sökülməyə bir nömrəli ehtyiacı olan həmin alman evləri və italiyankalardır".
Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova ilk öncə onu qeyd etdi ki, qədim tarixə malik ornamentli binaları gələcək nəslə saxlamağa çalışmalıyıq: "Ancaq nə qədər panel binalar varsa, hamısı sökülməldir. Çünki, onlar həm insan səhhətinə ziyandır, həm də görkəminə nəsə etmək olmur. Panel binalara ehtiyac varsa, onları idarə kimi istifadə etmək olar. Düzdür, panel evlər adətən şəhərin mərkəzində olmur. Ancaq şəhərin mərkəzində köhnə binalar çoxdur. O qədim binların çox milyarderlərin olub. Sovet İttifaqı dağılandan sonra həmin mülk ev kimi ayrı-ayrı şəxslərə verildi. Yəni, o vaxtın otaqları bu gün mənzil olub. Bu gün isə onların hamısının təmirə ehtyacı var. Fasad hissələrini saxlayıb, iç hissələrini əvəzləmək olar".
Memar onu da bildirdi ki, "Stalinka"lar yaxşı tikilib: "Amma örtüklərində taxta hissə olduğuna görə onlarda da təmir işlərinə ehtiyac var. Qədim binaların çoxunda isə problem mənzillərin ağırlığa dözə bilməməsidir. Çünki, əvvəllər bir-iki insana hesablanmış otaqlarda indi böyük bir ailə yaşayır. Elə aşınmaya ilkin səbəb ağırlıqdır. Yağış və daxildəki par isə aşılanmanı daha da gücləndirən amillərdir".