Saxta kərə yağları ilə yaradılan böyük təhdid

29 Fevral 2020 10:14 (UTC+04:00)

Son illər Azərbaycanda saxta kərə yağlarının düzəldilməsi faktlarına tez-tez rast gəlinir. Xüsusilə devalvasiyadan sonra bu cür hallara daha çox təsadüf olunur. Saxta kərə yağları hazırlayanlar onu sənaye emalından keçməyən məhsul kimi bazara daxil edirlər. Sənaye emalından keçməyən yağlar “nehrə yağı” adı altında təqdim edilərək satışa çıxarılır.

Bir neçə gün öncə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları  Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozu ərazisində fiziki şəxs Həsənov Röyal Allahverdi oğluna məxsus süd məhsullarının istehsalı sexində yoxlama keçirib.

AQTA-dan verilən məlumata görə, müəssisədə qida təhlükəsizliyinə dair tələblərin yerinə yetirilmədiyi və kərə yağı istehsalında istehlakçı hüquqlarının kobud şəkildə pozulmasına yol verildiyi məlum olub. Belə ki, kərə yağı adı altında istehsal olunan və satışa çıxarılan yağların istehsalı zamanı baytarlıq ekspertizasından keçirilməyən (mənşəyi məlum olmayan) südün tərkibindəki təbii yağ separator vasitəsilə kənarlaşdırılaraq əvəzində bitki mənşəli yağ əlavə edilir. Müəyyən müddət soyuducuda saxlanıldıqdan sonra isə kustar üsullarla nehrə aparatına ötürülür və saxta kərə yağı istehsal olunur. Yağ polietilen paketlərdə qablaşdırılaraq, üzərində heç bir etiket məlumatları qeyd edilmir.

Qanunvericiliyin tələbləri çərçivəsində sexin fəaliyyəti məhdudlaşdırılıb.

Saxta “nehrə yağları”nın çoxalması sənaye emalından keçən kərə yağlarının bazar qiymətinin yüksəlməsi ilə bağlıdır. Məlumdur ki, Azərbaycanda kərə yağı istehsalı olsa da məhsulların istehsalında istifadə edilən xammalın önəmli hissəsi idxal edilir. Buna görə də ölkəmizdə dolların bahalaşması və eyni zamanda dünya bazarında heyvan mənşəli yağların dəyərinin yüksəlməsi ölkəmizdə də sənaye emalından keçən kərə yağlarının satış qiymətini yüksəlməsinə səbəb olub.

Bunun nəticəsidir ki, kərə yağının pərakəndə ticarət dövriyyəsi böyüyür. Əhali kərə yağının alışına 2014-cü ildə 431 milyon manat xərclədiyi halda, 2018-ci ildə 715 milyon manat, ötən il isə 800 milyona yaxın pul xərcləyib. Xərcin artması heç də kərə yağının istehlak miqdarının artması ilə bağlı deyil. Əksinə müqayisə olunan dövrdə kərə yağı istehlakı xeyli azalıb. 2014-cü ildə ölkəmizdə 44,47 min ton kərə yağı istehlak edilib. 2018-ci ildə bu göstərici 32 min tona qədər azalıb. Kərə yağının istehlak miqdarı 32 faiz azalsa da onun alışına çəkilən xərc 2014-2018-ci illər ərzində 284 milyon manat artıb. Artımın səbəbi öncə də qeyd etdiyimiz kimi dolların bahalaşması və heyvan mənşəli məhsulların qiymətinin yüksəlməsidir.

Hazırda pərakəndə satış həyata keçirən mağazalarda kərə yağının bir kiloqramının qiyməti 15-20 manat arasında dəyişir. 2014-cü ildə kərə yağının kiloqramının qiyməti 5-9 manat səviyyəsində idi. Ötən dövrdə dolların manata nəzərən kursunun 2,15 dəfə yüksəlməsi və xarici bazarlarda kərə yağının bahalaşması Azərbaycanda da kərə yağının dəyərinin yüksəlməsinə səbəb olub.

Kərə yağının bahalaşmasından işbazlar məharətlə istifadə edir. Onlar sənaye emalından keçən və tərkibinin 80-82 faizi kərə yağı olan məhsullardan daha ücuz məhsulları bazara çıxartmaqla alıcı cəlb edə bilirlər. Hazırda bazarda saxta kərə yağlarının çoxu 8-10 manata təklif edilir ki, bu da həqiqi kərə yağlarının dəyəri ilə müqayisədə xeyli aşağı qiymədir. İşbazlar saxta kərə yağının həqiqi kərə yağları ilə rəqabət apara bilməsi üçün onların formasını da dəyişirlər. Bu zaman istifadə edilən variant kərə yağının ənənəvi formada satışa təklif edilməsidir. Tarixən ölkəmizdə kərə yağları “nehrə yağları” formasında satılardı. Sənayeləşmə ilə əlaqədar onların forması dəyişdirildi. Saxta kərə yağları ənənəvi formadan istifadə etməklə alıcılarda əsl kərə yağı təsəvvürü formalaşdırmağa çalışırlar.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bu cür saxta mallara qarşı mübarizəsi, onların aşkarlanaraq həqiqətin ictimaiyyətə çatdırılması əhalinin sağlamlığı baxımından önəmlidir. Məhz bu cür fəaliyyətin nəticəsində son vaxtlar saxta “nehrə yağaları”nın dövriyyəsinin kiçilməsi müşahidə edilir.

Saxta kərə yağlarına qarşı daha əsaslı mübarizə aparmaq məqsədilə Azərbaycanda iri kərə yağı istehsalı müəssisəsi yaradılmalıdır. Həmin müəssisələrin istifadə edəcəyi xammal isə yerli məhsul olmalıdır. Hazırda kərə yağı istehsalı müəssisələri var. Amma onlar kiçik müəssisələrdir və istehsal həcmi azdır. Digər tərəfdən bu cür müəssisələr istehsalda istifadə etdiyi xammalın böyük hissəsini idxal edir.

Azərbaycanda kərə yağının idxalından asılılığı aradan qaldırmaq məqsədilə iki böyük müəssisənin yaradılması nəzərdə tutulub. Həmin müəssisənin 2019-cu ildə istifadəyə verilməsi planlaşdırılırdı. Müəssisə gün ərzində 10 ton kərə yağı istehsalına imkanına sahibdir.

 

Vasif CƏFƏROV