Köçürülmək istəyən tələbələrə hansı hallarda imtina cavabı verilir - RƏSMİ

29 Fevral 2020 17:47 (UTC+04:00)

Bu il tələbə köçürülməsi üçün müraciət edən tələbələrin 72 faizinə müsbət cavab verilib.

Mövqe.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnformasiya şöbəsinin məsləhətçisi Günay İsgəndərova deyib.

Onun sözlərinə görə, qalan tələbələrin müraciətlərinə mənfi cavabın verilməsinin əsas səbəbi texniki amillərlə bağlı olub.

G.İsgəndərova əlavə edib ki, bu il xarici ölkələrin ali məktəblərində təhsil alan 151 tələbə Azərbaycanın ali məktəblərinə köçürülmə üçün müraciət edib. Yalnız 40 müraciətə müsbət cavab verilib:

“Əgər tələbə təhsilini yarımçıq qoyub Azərbaycana gəlibsə və bunun da üstündən 5-6 il keçibsə, təbii ki bu halda onun müraciətinə müsbət cavab verilmir. Eyni zamanda, akkreditasiyadan keçməyən ali məktəbdə oxuyan azərbaycanlı tələbələrin də müraciətinə müsbət cavab verilmir. Akademik göstəriciləri sıfıra bərabər, qiyabi təhsil alan olan tələbələr də köçürülmür. Ümumilikdə cəmi 40 tələbə qaydalara müvafiq qaydada müraciət etdiyi üçün onların köçürülməsinə icazə verilib. Xarici ölkələrdən tələbə köçürülmə zamanı tələbənin təhsil aldığı məktəbə təhsil haqqına görə heç bir borcunun olmamasına və akademik göstəricilərinin yaxşı olmasına diqqət edilir. Tələbə köçürüldükdən sonra sənədlərini alaraq, Azərbaycandakı ali məktəblərə təqdim edir, bu məsələ ilə bağlı heç bir problem yoxdur".

Qeyd edək ki, bu il qış sessiyasında tələbə köçürülməsi üçün müraciət edən 2 266 nəfərin müraciəti müsbət cavablandırılıb. Köçürülməsinə icazə verilən tələbələrdən 1 858-ni bakalavriatura, 17-ni magistratura səviyyəsi üzrə, 40-nı isə xarici ali təhsil müəssisələrindən köçürülənlər təşkil edir.