Azərbaycanda payızlıq əkinlə məşğul olan fermerlərə subsidiyaların verilməsinə başlanıb

2 Mart 2020 13:51 (UTC+04:00)

Azərbaycanda payızlıq əkinlə məşğul olan fermerlərə subsidiyaların verilməsinə başlanıb.

Mövqe.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, ötən həftənin sonundan prosesə start verilib:

"Artıq 30 mindən artıq fermerin kartına 10 milyon 565 min manat vəsait köçürülüb. Subsidiyaların köçürülməsi mərhələli şəkildə davam edir. Bildiyiniz kimi, 2020-ci ildən başlayaraq subsidiyalar elektron sistem üzərindən verilir. Subsidiyalar əvvəlki illərdən fərqli olaraq ilin sonunda deyil, əvvəlindən verilir. Elektron sistemin tətbiq olunması ondan ibarətdir ki, fermerlərin əkin xərclərinin bir hissəsini qarşılaya bilək. Elektron sistemdə bu günə qədər 472 mindən artıq fermer qeydiyyatdan keçib. Bunların bir hissəsi payızlıq əkinləri bəyan ediblər. Biz onunla bağlı məlumatlandırma həyata keçirdik və fermerlər elektron sistem vasitəsilə məhsulu hansı ərazidə və hansı miqdarda əkdiklərini bəyan ediblər. Bundan sonra bu məlumatlar yoxlanılır və fermerlərin adına kartlar sifariş verilir. Fermerlər kartları "Kapital Bank" vasitəsilə ala bilərlər".

V. Hüseynov bildirib ki, hazırda fermerlərə subsidiyaların köçürülməsi prosesi davam edir və prosesin martın 20-dək sona çatdırılması nəzərdə tutulur.