Türkiyə qisasını alıb, amma İdlib məsələsi hələ ki, açıqdır

4 Mart 2020 09:10 (UTC+04:00)

Suriyada atəşkəs barədə əvvəllər bağlanmış razılaşmalar artıq öz qüvvəsini itirmiş kimi görünür. Bunun ilk və tutarlı amili Suriyanın hökumət qüvvələrinin Türkiyə ordusunuin mövqelərinə hücumu və türk əsgərlərin öldürülməsi idi. İndi bu məsələ ətrafında baş verənlər bir çox tərəfi düşündürür və cavabı bilinməyən suallar yaranır: Görəsən, Suriya prezidenti Bəşər Əsəd İdlibə “yersiz” hücumu özü düşünüb, yoxsa Rusiya ilə məsləhətləşib edib? Bütün xarici müdaxilələrə Rusiyanın yardımı ilə 10 il davam gətirən bir şəxsin özbaşına hərəkəti real görünmür. Üstəlik, eynilə uzun müddət və hətta demək olar ki, əsrlər boyu türk əsgərinin keçdiyi yola şahidlik edən bir ölkənin başçısının da təkbaşına belə bir hücumda bulunması məntiqsizdir. Böyük ehtimalla bu işdə Rusiyanın eyhamlı razılığı var. Çünki, bu ölkə dünya siyasətində son dövrlər itirdiklərini geri qaytarmaqda israrlıdır. Yaxın Şərqdə bu gün Rusiyanın Bəşər Əsəddən yaxın müttəfiqi yoxdur.

Hər nə isə Suriya hücum edib və bir neçə gündür ki, etdiyi əməlin bədəlini ödəyir. Düzdür, əlinin dalını yerə qoymur. Lakin onun Türkiyəyə qarşı nə isə təsirli tədbir görməsi mümkün deyil. Əslində bu hücum, istər özünün, istərsə də təhrikçilərin əli ilə olsun, Əsədin siyasətinə böyük zərbə vurub. Əsəd özünə quyu qazıb. TSQ-i İdlibdən Əsədin tərəfdarlarını çıxarandan sonra bu şəhərdə keçirilən və Türkiyənin mədhinə həsr edilən izdihamlı mitinq bunu aydın göstərir. Suriya xalqı Türkiyənin timsalında öz xilaskarını görür. Çünki, bu ölkədə İran və Rusiya da öz maraqlarına uyğun olaraq hərbi tərəfdarlarını yerləşdirib. Lakin xalq onlara türklərə göstərdikləri ikltifatı göstərmir. Çünki, Türkiyənin siyasəti yalnız öz mənafeyini qorumaqla bitmir, yerli xalqın daha yaxşı və sülh şəraitində yaşaması da əsas götürülür.

Martın 5-də Moskvada Vladimir Putinlə yenidən yaranmış gərgin vəziyyəti müzakirə edəcək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya məsələsi ilə bağlı Rusiya və İrana müraciət edib: “Mən yenidən Rusiyaya və İrana müraciət edirəm - Türkiyənin Suriyada sizinlə heç bir problemi yoxdur”. Bu, tamamilə açıq mesajdır. Çünki, Suriyada vəziyyəti gərginləşdirənlər Türkiyənin “Suriya-İran-Rusiya” üçbucağı qarşısında gücsüz olacağını düşünərək bu addımı ata bilərdilər. Buna görə də Ərdoğan onlara açıq mesajla xəbərdarlıq edib. Prezident vurğulayıb ki, Türkiyə rəsmi Ankaranın qan tökülməsinin qarşısının alınmasındakı həssaslığını bu ölkənin zəifliyi hesab edənlərə qarşı güc nümayiş etdirir: “Türkiyə hərəkətlərində öz vəsaitlərinə və xalqın dəstəyinə əsaslanır, heç bir ölkənin və ya strukturun köməyinə arxalanmır. Türkiyə uzağı görməyən dairələrə göstərdi ki, təzyiqə boyun əyməyən böyük bir dövlətdir”.  “Bahar qalxanı” əməliyyatının gedişini müzakirə edən Ərdoğan bildirib ki, Bəşər Əsədin tərəfdarlarının canlı qüvvə və texnika itkiləri “yalnız başlanğıcdır”. 

Moskva görüşü ərəfəsində verilən bu mesaj sübut edir ki, görüş zamanı Ərdoğan həmişəki qürurlu sülh iddialarını qoruyub saxlayacaq. Rusiyanın nəhəngliyi və ya hansısa dövlətlərin birliyi Türkiyəni sarsıda bilməz. Açığı, bu iddalarda Türkiyəni prezidentini qınamaq olmaz. Ona görə ki, terrora son qoyulmadan bu ölkənin gələcəyini görmək mümkün deyil. Qərb dövlətlərinin İdlib məsələsində kənardan seyrçi mövqe sərgiləməsi və yanız qısa bəyanatlarla kifayətlənməsi onu göstərir ki, onlar da Türkiyənin qatıldığı bu müharibənin bitməsində maraqlı deyillər. Hazırkı beynəlxalq situasiyaya görə Rusiya, İran və Türkiyə Qərbin zəiflətməyə çalışdıqları dövlətlərdir. Çünki, onların Yaxın Şərq hegemonluğunun qarşısına çıxan bu 3 dövlətdir. Bu mənada Suriyada gərginliyin yaradılması əslində onların hamısının ziyanınadır. Belə olan halda Rusiya və İranın Suriyanı qızışdırıb Türkiyəyə qarşəı döyüşə təhrik etmələri siyasət baxımından düzgün addım deyil. Bu səbəbdən Ərdoğanın bu ölkələrə göndərdiyi mesajın qiyməti bilinməlidir. Şübhəsiz ki, Moskvada iki liderin  görüşündə bu mətkləb daha dəqiq və konkret əsasda müzakirə mövzusu olacaq.

Bir sıra rus siyasətçilərinin açıqlamaları da Türkiyənin mövqeyinin düzgün olduğunu göstərir. Hizbullah qüvvələrinin Livandan və İrandan türk ordusu ilə müharibəni dayandırmaq üçün vasitəçilik etmələrini də istəməsi də bunu təsdiqləyir. Digər tərəfdən türkiyənin ağıllı siyasəti Avropa liderlərini də hərəkətə gətirib və onlara sübut edib ki, yaxalarını kənara çəkməklə deyil, Türkiyə-Suriya müharibəsi alovlansa onlar da bu müharibənin əzablarını çəkməli olacaqlar. Belə ki, türkiyə ona qarşı laqeydlik göstərilmə və vaxtilə verilən vədlərin yerinə yetirilməməsinə görə özünün Avropa qapılarını açıb və iki gündə 150 min suriyalı və digər ölkələrdən olan miqrant sərhədi keçərək Yunanıstana yollanıblar. Bu isə Aİ üçün böyük humanitar və iqtisadi böhran deməkdir.

Bu saydıqlarımız göstərir ki, Türkiyə şəhid əsgərlərinin qanını Bəşər Əsəddən alsa da, İdlib məsələsi hələ ki, açıq qalıb və bu məsələyə Moskvada nöqtə qoyulub-qoyulmayacağı sual altındadır. Düzdür, Türkiyənin məsələni həll etmək imkanları daha ghenişdir, lıakin siyasətdə fiqurların düzülüşü heç nəyi həll etmir, əsas gedişlərin səmərəliliyidir.

N.NOVRUZ