Ermənilərin antirus əhvalını hakimiyyət körükləyir

5 Mart 2020 08:42 (UTC+04:00)

İki il əvvəl Ermənistanda hakimiyyəti ələ keçirməyi bacaran keçmiş müxalifətçi Nikol Paşinyanın antirus isterikası Kremldə unudulmayıb və daim nəzarətdə saxlanılır. 2018-ci il aprel çevrilişinin ilk günlərindən anti-Rusiya ritorikasını rusiyapərəstliyə dəyişməklə Nikol Paşinyan Moskvanı aldatmaq fikrində düşmüşdü. Ancaq bu naşı siyasətçi Rusiya tərəfinin kifayət qədər möhkəm yaddaşa malik ola biləcəyini düşünə bilməmişdi. Rəqibin yaddaşı isə keçmiş müxalifətçinin əvvəllər səsləndirdiyi bəyanatları və müraciətləri ilə dolu idi.
“İrates” erməni nəşrinin yazdığına görə, Ermənistanın hakimiyyətində həmişə rusiyapərəst fikirlər hökm sürürdü, lakin son illərdə vəziyyət dəyişib. Bu vəziyyət Paşinyanın Moskvaya sevgi və sədaqətlə bağlı verdiyi bütün vədlərinə zidd panorama yaradır və onun rusofobiyasını gizlətməsi getdikcə çətinləşir. Nəşr qeyd edir ki, bu yaxınlarda baş tutmuş bir erməni-rus müzakirəsi zamanı siyasi xadimlər bu istiqamətdə ciddi dəyişikliklərin baş verdiyindən narahatlıqlarını ifadə ediblər. Rus dairələri Ermənistandakı Qərb qüvvələrinin sürətli bir şəkildə müvəffəqiyyət əldə etməyə başlamasından narahatdırlar, üstəlik Rusiyanın bölgədən sıxışdırılması təhlükəsi də realdır. Kreml, erməni cəmiyyətindəki əvvəlki sanballı yerini  itirməmək üçün mümkün olan hər şeyi etməyə çalışır.
Rusiya siyasi dairələrində dolaşan fikirlərə görə, belə vəziyyət mövcud Ermənistan hakimiyyətinin mahiyyətcə anti-Rus olmasından qaynaqlanır. “İrates”dəki məqalədə yazıldığına  görə, Ermənistanda bu cür düşüncələrin dərinləşməsinə hakimiyyət əhəmiyyətli dərəcədə töhfə verir: “Bu səlahiyyətlilər hər gün Ermənistanın Rusiya ilə parlaq münasibətlərinin olmasından dəm vuraraq öz sədaqətlərini ifadə edirlər. İnqilabdan əvvəl bu adamlar kimlər idilər? Rusiyada onlarn nümayişkaranə şəkildə antirus davranışlarını və inanclarını unutmayıblar. İndi çox az şey dəyişib, görünən yalnız zahiri qılafdır”.
Həqiqətən də Nikol Paşinyan müxalifətçi olduğu zaman antirusiya mövqeyi tutub. Bu mövqeyini həmişə açıq və sərt şəkildə ifadə edən bu adamın “inqilab” dan sonra birdən-birə Moskvanın fanatı olması çoxlarını təəccübləndirib.

Bütün iqtisadi-texniki göstəricilərinə görə Rusiyaya borclu olan Ermənistanın forpost olaraq bu ölkədən asılılığı hamıya məlumdur. Amma hakimiyyətin ikili siyasəti uğursuzluqla Rusiyanın əleyhinə təbliğat aparmaqda davam edir. İndi İrəvan mətbuatı öz ağası əleyhinə yenə də “qaz kampaniyası” aparır. Məsələ burasındadır ki, bir neçə il əvvəl Avropaya qaz min kubmetri 350-400 dollardan satılanda, Ermənistan Rusiyadan qazı 150 dollara alırdı. Nikol Paşinyan hökuməti Kremlin qucağını Qərbin qucağına dəyişmək üçün hərəkətə keçərndə ona “yüngül qulaqburması” kimi mavi yanacın qiyməti 165 dollara qaldırıldı. İndi ermənilər bu faktı əllərində bayraq edərək Moskva əleyhinə hədyanlar yağdırmaqda davam edirlər. Xüsusilə, bu günlərdə Rusiya Bolqarıstana satdığı qazın qiymətini endirəndə Ermənistanda əməlli-başlı ajiotaj yaşanıb. Erməni mətbuatı bu endirimi “bolqarlara şah hədiyyə” adlandırır və rusları ayrı-seçkilik salmaqda ittiham edirlər. Üstəlik, onu da qeyd edirlər ki, Bolqarıstan Rusiya ilə düşmənçilik edən NATO üzvüdürlər, Ermənistan isə Rusiyanın yanındadır (bu dəfə “qapazı altında” yazmağa ürək etməyiblər-red.). Bunun hikkəsini kənara ata bilməyən erməni politoloqlar “dava” salırlar ki, ümumiyyətlə, Rusiya son vaxtlar bir çoxlarına belə hədiyyələr edir. Məsələn, Suriyada Bəşər Əsədə kömək və ya Kuba, Vyetnam və Afrika ölkələrinə olan milyardlarla dollarlıq borclarını silmək və sairə. Ancaq Qafqazdakı “strateji müttəfiqi” Ermənistana gələndə Moskva baş barmağını digər barmaqlarının arasında sıxıb göstərir. Bu, endirimdən də betər təhqiredici jestdir.
Məsələ burasındadır ki, 2020-ci il yanvarın ortalarında Ermənistanın Dövlət Xidmətləri Tənzimləmə Komissiyasının sədri Garegin Bağramyan “Qazprom-Ermənistan” ın Ermənistandakı istehlakçılar üçün qaz tarifinin artırılmasından ötrü təklif vermək niyyətində olduğunu bildirib. Şayiə var ki, aprelin 1-dən etibarən qaz tarifi ən azı 11 dram artaraq kubmetr üçün 150 drama çatacaq. Tevos Arşakyan adlı erməni ekspertin dediyinə görə, qiymət artımı Rusiyanın Ermənistana birbaşa təzyiqi deməkdir.  Lakin qazın qiymətinə görə Ermənistana təzyiq göstərməklə Moskva bölgədəki vəziyyəti yalnız gərginləşdirir. Erməni ekspertinə görə, ermənilərin yeganə ümid yeri qərbliklərdir. Bu isə yenə də Rusiya əleyhinə gedən təbliğatın tərkib hissəsidir. Buna görə erməniləri əmin etmək olar ki, bu il qazın qiyməti artar ki, azalmaz. Tezliklə Rusiyanın indi olduğu kimi yalnız bir qamçıdan deyil, iri bir yerkökündən istifaəm edərək ermənilərə dərs verəcəyi istisna edilmir.

N.NOVRUZ