Ordumuzun təlimləri, ermənilərin əlacsızlığı

5 Mart 2020 08:55 (UTC+04:00)

Azərbaycanın öz hərbi qüvvəsini xeyli artırdığını təkcə müttəfiqləri, həmçinin hərbi ekspertlər deyil, hazırda silah-sursat idxalı yolu ilə aradakı fərqi nisbətən azaltmağa çalışan Ermənistan da təsdiq edir. Sözsüz ki, hərbi quruculuq sahəsində məqsədyönlü işlər ilk növbədə hərbi təcavüzlə üzləşən ölkənin ərazi bütövlüyünü bərpa etmək zərurətindən doğur. Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etmək niyyətinə sadiq olduğunu dəfələrlə bildirmiş Azərbaycan eyni zamanda işğal olunmuş torpaqlarını geri qaytarmaq üçün zərurət yaranacağı təqdirdə başqa üsullardan yararlanmaq hüququnu özündə saxladığını elan edib.

Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycan Ordusunun modernləşməsi, ən son silah və texnika ilə təchizatı istiqamətində ardıcıl siyasət aparılır. “Biz bundan sonra da böyük vəsaitlər ayırmaqla döyüş qabiliyyətimizi yüksəldəcəyik”, - deyən ölkə Prezidenti bu gün ağır vəziyyətdə olan Ermənistan ordusunun Azərbaycanla rəqabət aparacaq səviyyədən uzaq olduğunu diqqətə çatdırıb.

Hərbi ekspertlərin rəyinə görə ordusunu modernləşdirmək baxımından keçmiş SSRİ ölkələri arasında irəlidə olan Azərbaycan bu mənada Rusiya və müəyyən dərəcədə Qazaxıstanla müqayisə oluna bilər.

Ermənistan Azərbaycanın hərbi quruculuqdakı nailiyyətləri ilə ayaqlaşmağa çalışır və Rusiya ilə son müqavilə buna sübut sayıla bilər. Son hərbi islahatlar nəticəsində Azərbaycan Ordusu nəinki regionun, bütün dünyanın belə ən güclü orduları ilə bir sıraya daxil olub. Təsadüfi deyil ki, Azərbaycan mütəmadi olaraq genişmiqyaslı hərbi təlimlər keçirir. Bu ilin əvvəlindən keçirilən  təlimlər çərçivəsində döyüş atışları icra olunu, əsgərlərin hazırlıq səviyyəsi yoxlanılır, komandir heyətinin taktiki bilikləri və təcrübələri təkmilləşdirilir.

Önümüzdə qatil və hiyləgər düşmənin olduğunu nəzərə alan ordumuzun rəhbərliyi əsgərlərimizin bütün təbii şəraitlərdə yüksək peşəkarlıq səviyyəsinə çatması üçün spesifik təlimlərin təşkilinə ciddi diqqət yetirir. İki həftə əıvvəl Azərbaycan əsgərinin Naxçıvan Muxtar Respublikasının yüksək dağlıq ərazilərində keçirdiyi “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlimləri hərbi dairələrdə maraqla qarşılanıb. Təlimlər işğalçı Ermənistanda ciddi təşvişə səbəb olub. Ermənistan KİV-ləri Naxçıvanda xüsusi təyinatlı birləşmələrin birgə döyüş fəaliyyətindən narahat olduqlarını etiraf edib, bunun erməni ordusu üçün əsl təhlükə mənbəyi olduğunu vurğulayıblar. Çünki, Cənubi Qafqaz rüegionu yüksək dağlıq ərazilərlə boldur. Mümkün müharibənin belə dağlıq şəraitdə baş verəcəyinə hazırlıq görmək lazımı anda böyük üstünlük ola bilər. Beıə görünür ki, Azərbaycan Ordusunun Naxçıvanda yerləşən hərbi birləşmələrinin döyüş hazırlığı ilə bağlı atdığı addımlar Ermənistan hərbçiləri və ictimaiyyət nümayəndələri tərəfindən ümidsizliklə izlənilir.

Təlimlərlə yanaşı diplomatik gedişlərin də intensivləşməsi Ermənistanın ictimai fəallarını da hərəkətə gətirib. Siruasiyanı təhli edən Ermənistanın “Adekvat” ictimai təşkilatının rəhbəri Artur Danielyan öz “Facebook” səhifəsində yazıb: “ATƏT-in Minsk qrupunun Çavuşoğlu ilə görüşməsi faktı çoxlarına təəccüblü gələ bilər, lakin Sorosun maliyyəsi ilə fəaliyyət göstərən, rəhbərlərindən biri Ermənistan prezidenti Armen Sarkisyan olan Avro-Atlantik Təhlükəsizlik Təşəbbüsünün bunu uzun illər təbliğ etdiyini bilənlərə yox”. Onun sözlərinə görə, bu struktur iddia edir ki, Cənub Dəhlizinin (yəni Azərbaycan qaz kəmərlərinin) təhlükəsizliyini gücləndirmək üçün Türkiyə ATƏT-in Minsk qrupunun həmsədri olmalıdır.

Məsələ burasındadır ki, Azərbaycanda keçirilən hərbi təlimlər fonunda erməni hərbçiləri təlimlərdən yayınmağa üstünlük verirlər. Çünki, bu ölkənin təlimləri müasir formatda kemirməyə imkanı çatmır. Və əslində şəxsi heyətin əzab çəkməsinə gətirib çıxarır. Əlacsız qalan
Ermənistan parlamenti İnzibati Xətalarla bağlı Ermənistan Respublikası qanunu və Ermənistan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihələri paketini müzakirə edib. Ermənistan Müdafiə nazirinin müvaini Qabriel Balayanın məruzə etdiyi və
Ermənistan hökuməti tərəfindən təqdim olunmuş qanun layihəsi ilə hərbi məşğələ və təlimlərdən yayınmağa görə cərimənin miqdarının 20,000 erməni dramından 30,000 erməni dramına qaldırılmaq təklif olunur. İrəvanda parlament bu tip cərimələrin artırılmasını müzakirə edən vaxt Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov genişmiqyaslı komanda-qərargah təlimlərinin növbəti mərhələsində səhra şəraitində yaradılan ön idarəetmə məntəqəsində olub. Ön idarəetmə məntəqəsində videokonfrans vasitəsilə Müdafiə nazirinə təlimin hazırkı vəziyyətilə bağlı məruzələr edilib.
N.NOVRUZ