Nazirlik özünüməşğulluq proqramı çərçivəsində banklarla görüşüb (FOTO)

6 Mart 2020 11:34 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Mərkəzi Bankın və Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların nümayəndələrinin "Kapital Bank" ASC-nin ofisində təşkil olunan görüşündə özünüməşğulluq proqramının genişləndirilməsində banklarla əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazirlikdən Mövqe.az-a verilən məlumata görə, ABA-nın prezidenti Zakir Nuriyev və Mərkəzi Bankının Baş direktoru Əliyar Məmmədyarov həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov və Dövlət Məşğulluq Xidmətinin rəis müavini Rəşad Dayıyev Prezident İlham Əliyevin Azərbaycanda fəaliyyət göstərən özəl banklara özünüməşğulluq proqramına qoşularaq proqramın daha da geniş vüsət almasına dəstək olmaq çağırışının əhəmiyyətini vurğulayıblar.

Z.Nuriyev Assosiasiyaya üzv bankları bu çağırışa qoşulmağa və prosesin aktiv iştirakçısı olmağa dəvət edib. Dövlət başçısının tapşırığı ilə icra olunan özünüməşğulluq proqramının mühüm sosial-iqtisadi önəmini qeyd edib və bankların da iştirakı ilə proqramın daha da genişlənməsinin mühüm sosial-iqtisadi önəmini diqqətə çatdırıb.

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri özünüməşğulluq proqramı haqqında geniş təqdimatla çıxış edib və bankların proqramın icra mexanizmi barədə suallarını cavablandırıblar.