Bakı polisi əməliyyat keçirdi, saxlanılanlar var

6 Mart 2020 12:13 (UTC+04:00)

Bakıda polis əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Mövqe.az-ın xəbərinə görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 40-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini, 1988-ci il təvəllüdlü V.Xəzərəliyevdən 19,522 qram heroin, Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü A.Əsgərovdan 1,32 qram metamfetamin, 0,108 qram metadon, Qaradağ RPİ-nin Cinayət Axtarış Bölməsi, Narkotiklə Mübarizə Bölməsi və 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Ş.Hacıəliyevdən 1,366 qram heroin aşkar olunaraq götürülüb.

Bundan başqa, Sabunçu RPİ-nin Narkotiklə Mübarizə Bölməsi və 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ş.Ələsgərovdan 1,285 qram heroin, Sabunçu RPİ-nin 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ə.Hacıyevdən 0,179 qram heroin, Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Ə.Qəhrəmanovdan 0,355 qram heroin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.