Rusiya və Türkiyə Yaxın Şərqdə yenidən bir araya gəldi

7 Mart 2020 11:58 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İdlib problemilə bağlı Moskvada Rusiya Prezidenti Vladimir Putinlə 6 saatlıq görüşü fonunda müəyyən razılaşma əldə edildi.  Görüşün sonu olaraq dövlətlər arasında anlaşma əldə olunub və İdlibdə atəşkəs qüvvəyə minəcək.  

Hər iki prezident qeyd edib ki, Suriya məsələsində fikir ayrılıqları olsa da, ortaq yol tapmağa çalışırlar və terrora qarşı birlikdə mübarizə aparırlar. Onların hər ikisi Suriyanın ərazi bütövlüyünü dəstəklədiklərini də qeyd ediblər. Anlaşma 3 hissədən ibarətdir.  Birincisi, prezidentlər ortaq bəyanatda Astana formatının davam edəcəyini bildiriblər. Yəni Rusiya və Türkiyə İranı da yanlarına almaqla dialoqa davam qərarı verdilər.

İkincisi, prezidentlər İdlib ətrafında atəşkəsə nail olublar. İdlib ətrafındakı strateji M-4 yolu ətrafında 6 kilometrlik təhlükəsizlik koridoru yaradılacaq. Martın 15-dən başlayaraq bu yol boyu Rusiya və Türkiyə ortaq patrula başlayacaq. Üçüncüsü, birgə bəyanatda tərəflər İdlibdəki terrorçu qüvvələrin neytrallaşdırlması vacibliyini qeyd etdilər. Razılaşmaya baxmayaraq, Ərdoğan onu da Putinin diqqətinə çatdırıb ki, Əsəd qüvvələri İdlibi bombalasalar, yenə qarşılığını alacaq.

Politoloq Natiq Mirinin fikrincə, bu razılaşma onu göstərdi ki, Ankara ilə Moskva iki dövlət arasındakı münasibətlərin pozulmasını istəmədilər: “Bu razılaşma müvəqqəti xarakter daşıyır. Razılaşma imzalandığı dəqiqədən üzü bəri ölü doğulub. Sadəcə, hər iki dövlətin dövlət başçılarının öz siyasi simalarını və iki ölkə arasındakı münasibətləri pozmamaq xarakteri nəzərə alınaraq belə bir imzalanma ortaya qoyulub. Çünki bütün dünyanın diqqəti burada idi. Ona görə də iki dövlət arasındakı münasibətlərin pozulmasını nə Ankara, nə də Moskva istəmədi. Yəni tərəflər münasibətlərin tamamilə pozulmasının qarşısını almaq üçün müvəqqəti xarakterli belə bir sənədi ortaya qoydu. Bu dövlətləri bir-birinə bağlayan iqtisadi, siyasi, hərbi sahədə əməkdaşlıq mövcuddur. Atəşkəs bu fonda müəyyən maraqlar xatirinə imzalandı”.

Politoloq düşünür ki, razılaşma Türkiyə tərəfi üçün heç də diplomatik uğur sayıla bilməz: “Türkiyənin Əsəd rejiminə verdiyi ultimatuma görə fevralın sonuna qədər Dəməşq İdlibin gərginlik yaradan hissəsində əldə etdiyi əraziləri boşaltmalı idi. Lakin bu ultimatum Putinlə Ərdoğan arasında imzalanan sənəddə yer almadı. Sənəddə yalnız təmas xəttindən söhbət gedir ki, burada da Əsədin həmin əldə etdiyi ərazilər Dəməşqin nəzarətində qalmaqdadır. Sənəddə M5 şosesindən söhbət ümumiyyətlə getmir.  Yalnız hər iki tərəfin ümumi nəzarətində olan M4 şosesindən söhbət gedir ki, onun da cəmi 6 km-yində birgə təhlükəsizlik koridorunun yaradılması nəzərdə tutulur”.

N. Miri bildirdi ki, bu razılaşma işlək olmayacaq: “Ona görə ki,ortada Soçi anlaşması var. Bu razılaşmaya görə, PKK və onun Suriya qolalrı Mümbic və Qamışlıdan tamamilə çıxarılmalı idi. Ancaq Moskva bu öhdəliyi yerinə yetirməyib. PKK hələ də həmin bölgədə varlıq göstərir. Soçu anlaşmasına görə gərginliyi azaltma bölgəsinin sərhədləri də müəyyənləşmişdi ki, həmin sərhədin əksəriyyətini razılaşmanı pozmaqla Əsəd rejimi hərbi əməliyyatla öz nəzarətinə keçirib”.

Həmsöhbətimizə görə bu faktlar onu göstərir ki, əldə edilən Moskva razılaşması ilə Əsəd qoşunları və İranın dəstəklədiyi terrorçular sadəcə zaman qazanmış olacaq və toparlanıb yenidən hərbi əməliyyatlara start verəcəklər: “Yəni bu sənəd qarşıdurmanın, müharibənin qarşısını alacaq sənəd deyil. Türkiyə əslində, Moskvada heç bir istəyinə nail olmadı. Sənəd keçərli olmayacaq, anlaşma pozulacaq və Türkiyə yenidən hərbi əməliyyatlara başlamalı olacaq. Türkiyə haqlı durumda idi. Beynəlxalq təşkilatlar, NATO, Avropa Birliyi, ABŞ, BMT Ankaranın haqlı olduğunu bəyan edirdi. Bu da Ankaranın əlini-qolunu açırdı. Ancaq indiki vəziyyətdə hər hansı bir uğurdan danışmaq mümkün deyil. Atəşkəs gövrəkdir. Sənəd problemi həll etməyəcək. Hərbi əməliyaytlar yenidən başlaya bilər”.

N. Miri bu qənaətdədir ki, Ankara bu anlaşmaya milyonlarla yeni qaçqının Türkiyəyə köç etməsinin qarşısını almaq üçün belə bir razılaşmaya getməli oldu. 

Rüfət NADİROĞLU